MƏDƏNİYYƏT
Parisdə Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyəti müzakirə edilib, “Qarabağ atı” kitabının təqdimatı olub
Strasburq, 30 yanvar, AZƏRTAC
Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə ötən ilin yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan tədbir keçirilib.
Tədbirdə fransız dilində nəşr edilən “Qarabağ atı” kitabının da təqdimatı olub.
Azərbaycanın Dostları Assosiasiyasının sədri, Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Mansel çıxışında rəhbərlik etdiyi qurumun 6 aydan artıqdır ki, fəaliyyətini bərpa etdiyini, Assosiasiyanın bu qısa müddətdə mühüm işlərə imza atdığını deyib. Qeyd edib ki, təşkilat Azərbaycanın Fransada daha geniş tanıdılması, ölkəmizin reallıqlarının, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin bütün tribunalarda, o cümlədən Milli Assambleyada səsləndirilməsi istiqamətində mühüm addımlar atıb, bununla yanaşı, Azərbaycana aid keçirilən əksər tədbirlərdə iştirak edib.
Sədr Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu Assosiasiyaya diqqət və qayğı ilə yanaşdığını vurğulayıb və buna görə minnətdarlığını bildirib.
Jan-Fransua Mansel 2015-ci ildə Assosiasiyanın böyük planlarının olduğunu söyləyib, bu ilin təşkilat üçün uğurlu il olacağına, onun sıralarının daha da genişlənəcəyinə ümid etdiyini bildirib.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov fəaliyyətinin bərpasından çox az müddət keçməsinə baxmayaraq, Assosiasiyanın uğurla çalışdığını, ölkəmizin Fransada tanıdılması məqsədilə mühüm işlərə imza atdığını deyib. Diplomat bu təşkilatın üzvləri sırasında Fransanın tanınmış ictimai-siyasi xadimlərinin, dövlət adamlarının, millət vəkillərinin, diplomatların, mədəniyyət işçilərinin, sadə insanların olması faktının sevindirici hal olduğunu diqqətə çatdırıb və səfirliyin hər zaman bu qurumla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Səfir “Qarabağ atı” kitabının müəllifinə və naşirinə belə dəyərli əsəri ərsəyə gətirdikləri üçün təşəkkür edib.
Kitabın naşiri Jan-Lui Quro “Qarabağ atı”nın yazılmasının məqsədi və tarixi haqqında danışıb. Bildirib ki, çövkən oyununun UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na daxil edilməsi və ümumiyyətlə, Azərbaycan tarixinə maraq bu kitabın ərsəyə gəlməsinə səbəb olub.
Kitabın müəllifi, tanınmış fransız jurnalisti Nur Dolay qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanın onda böyük maraq doğurduğunu və bu kitabın da həmin marağın nəticəsində işıq üzü gördüyünü bildirib.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq