CƏMİYYƏT
Parisdə Dünya Sosial Biznes Akademiyasının dördüncü toplantısı təşkil edilib
Bakı, 10 noyabr, AZƏRTAC
Parisdə Dünya Sosial Biznes Akademiyasının dördüncü toplantısı keçirilib.
Dünyada yoxsulluğun azaldılması, sosial biznesin, ətraf mühitin qorunması prinsiplərinin inkişaf etdirilməsi, dayanıqlı inkişafın nəzəri və praktik tərəflərinin müzakirəsi məqsədilə 30-dan çox ölkənin 300-dən çox akademik şəxsləri, vətəndaş cəmiyyətinin, tanınmış biznes strukturlarının nümayəndələri, fəallar HEC Paris-də bir araya gəliblər. Noyabrın 9-da işə başlayan beynəlxalq tədbir Yunus Sosial Biznes Mərkəzi və 1881-ci ildə Fransa parlamenti tərəfindən əsası qoyulmuş, Avropanın ikinci akademik biznes mərkəzi olan HEC Paris tərəfindən reallaşdırılıb.
Tədbirdə Azərbaycan Yunus Sosial Biznes Mərkəzinin həmtəsisçiləri, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev iştirak ediblər.
Umud Mirzəyev bildirib ki, toplantıda sosial sahibkarlıq, sosial iqtisadiyyat, korporativ sosial məsuliyyət, sosial təsirli investisiyalar, sosial maliyyələşmələr, sosial biznes metodologiyasının tədqiqi və öyrənilməsi, sosial biznesin vahid konsepsiyası, inkişaf etmiş ölkələrdə sosial biznes konsepsiyalarının öyrənilməsi, yeni texnologiyaların tətbiqi vasitəsilə dünyada yoxsulluğa və bərabərsizliyə qarşı mübarizə, davamlı inkişaf, iqlim dəyişikliyi və ətraf mühitin dayanıqlı prinsiplər əsasında qurulması, BMT-nin Dayanıqlı İnkişaf hədəflərinin təmin edilməsi istiqamətində müzakirələr aparmaq üçün tanınmış universitetlərin, qeyri-hökumət təşkilatlarının, filantrop qurumların, biznes strukturlarının rəhbərləri bir araya gəliblər.
Tədbiri açan Nobel Sülh Mükafatı laureatı, professor Məhəmməd Yunus qaçqın və məcburi köçkün həyatının, yoxsulluğun, müharibələrin və fəlakətlərin durmadan artdığı bir dünyada sosial biznes konsepsiyasının bugünkü qədər aktual olmadığını bildirib. O, konsepsiyanın gücləndirilməsi və inkişaf etdirilməsi üçün dövlət-vətəndaş cəmiyyəti-akademik institutlar və sahibkarlıq subyektlərinin bir çevrədə fəaliyyətinin zəruriliyini vurğulayıb.
Günün ikinci yarısında toplantıda Kaliforniya (ABŞ), La Trobe (Avstraliya), Renmin (Çin), Kyuşu (Yaponiya), UNEC (Azərbaycan), Technology Petronash (Malayziya), Kasertsard (Tailand) universitetlərində, Beyker (ABŞ), Kings kolleclərində, Oksford Maliyyə və Sosial Biznes Məktəbində (Böyük Britaniya), EADA Biznes Məktəbində (İspaniya) yaradılmış Sosial Biznes mərkəzlərinin fəaliyyətləri təqdim edilib.
UNEC-in rektoru Ədalət Muradovun Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar, ölkə rəhbərinin bu sahədə apardığı siyasət, dövlət-vətəndaş cəmiyyəti - akademik müəssisələr, eləcə də sahibkarlıq subyektləri arasında əlaqələrin inkişaf etdirilməsi, sosial-iqtisadi proqramların elmi-nəzəri aspektləri barədə məlumatı maraqla qarşılanıb. O, Azərbaycanda korporativ sosial məsuliyyət, sosial biznes və sosial müdafiə sahəsində elmi-nəzəri yanaşmaların, akademik araşdırmaların, yoxsulluğun azaldılması sahəsində fəaliyyətin ölkə Prezidentinin xüsusi diqqətində olduğunu və prioritet təşkil etdiyini bildirib.
Daha sonra BAMF-ın sədri Umud Mirzəyev və UNEC-in rektoru Ədalət Muradovun Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusla görüşləri olub.
Umud Mirzəyev Məhəmməd Yunusun BAMF-ın dəvəti ilə bu ilin iyun ayında Azərbaycana səfərinin əhəmiyyətinə toxunub. Onun mikromaliyyə və sosial biznes sahəsində təkliflərinin ölkəmizdə daim diqqətdə saxlanıldığını və Bakıda təşkil olunan müzakirələrdən yaranan fikirlərin reallıqda tətbiqi üçün ciddi işlərin aparıldığını bildirib. Məhəmməd Yunus Azərbaycanın bugünkü inkişafından, ölkədə sosial-iqtisadi sahədə görülən işlərdən məmnun qaldığını bildirib. Görüş zamanı növbəti Sosial Biznes Akademiyanın UNEC-də təşkil edilməsi, sosial biznes fəlsəfəsinin “ERASMUS” proqramına daxil edilməsi və bu sahədə Məhəmməd Yunusun elmi yazılarının, müsahibələrinin Azərbaycanda nəşr edilməsi təklifləri müsbət qarşılanıb. Bildirilib ki, tədbir müxtəlif ölkələrdə fəaliyyət göstərən Sosial Biznes mərkəzlərinin fəaliyyətinin stimullaşdırılması, təcrübə mübadiləsi, sosial biznesin sadə insanların həyatında tətbiqinin araşdırılması baxımından olduqca əhəmiyyətlidir.
Xatırladaq ki, Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus iyun ayının 18-dən 21-dək BAMF-ın təşəbbüsü, ADA və İqtisad universitetlərinin birgə təşkilatçılığı ilə Bakıda səfərdə olub.