MƏDƏNİYYƏT


Parisdə Firəngiz Əlizadənin 70 illik yubileyinə həsr edilmiş konsert olub

Paris, 28 may, AZƏRTAC

Parisdə fəaliyyət göstərən “Dimitri Şostakoviç” adına müasir musiqi mərkəzində Azərbaycanın Respublika Günü və Firəngiz Əlizadənin 70 illiyi münasibəti pianoçu Olqa Domninanın konserti təşkil olunub.

Konsert proqramına Şostakoviçin tələbələri Qara Qarayev və Firəngiz Əlizadənin orkestr üçün əsərlərinin bəstəkar Vladimir Geninin fortepiano üçün işləmələri daxil edilib.

Qeyd edilib ki, Vladimir Geninin Azərbaycanlı bəstəkarlarının orkestr üçün yazılan əsərləri əsasında hazırladığı fortepiano üçün işləmələrin ilk təqdimatı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilib. Bugünkü konsert isə onların Avropada ilk təqdimatıdır.

Bir çox beynəlxalq müsabiqələrin iştirakçısı Olqa Domnina İtaliyanın nüfuzlu “San Bartolomeo” müsabiqəsinin laureatıdır. O, Qnesinlər adına Musiqi Akademiyasını qırmızı diplomla bitirdikdən sonra təhsilini Londondakı Kral Akademiyasında davam etdirib. Akademiyanın şurası tərəfindən “ən yaxşı solo ifaçı” nominasiyasında “Mekferren” mükafatına layiq görülüb.

Konsertdə Firəngiz Əlizadənin 1-ci sonatası və piano üçün musiqisi, Qara Qarayevin 22-ci və 24-cü prelüdləri, eləcə də Vladimir Geninin Qara Qarayevin “Yeddi gözəl” baleti əsasında fortepiano üçün işləmələri ifa edilib.

İştirakçılar konsertin afişası üzərində Firəngiz Əlizadəyə 70 illiyi münasibətilə ürək sözlərini yazıblar.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.