ELM VƏ TƏHSİL
Parisdə “SABAH”-ın müəllimləri üçün təlimlər keçirilib
Bakı, 17 sentyabr, AZƏRTAC
Paris Sorbon Universitetində Təhsil Nazirliyinin təsis etdiyi “SABAH” proqramının müəllimləri üçün “Təhsildə innovativ idarəetmə” mövzusunda təlimlər keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, təlimdə nazirliyin “SABAH” layihəsi çərçivəsində müəllimlərlə iş üzrə rəhbər İlhamə Rəhimova, universitetin “SABAH” mərkəzinin rəhbəri, dosent İradə Süleymanova və başqaları iştirak ediblər.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov “SABAH” proqramının iştirakçıları ilə görüşündə Fransada Azərbaycan elminin və təhsilinin tanıdılmasının əhəmiyyətindən danışıb. E.Əmirbəyov “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində minlərlə azərbaycanlı gəncin dövlət hesabına dünyanın ən qabaqcıl ali təhsil müəssisələrində, həmçinin Fransanın müxtəlif universitetlərində təhsil aldıqlarını diqqətə çatdırıb.
Səfir Müluz Yuxarı Alzas Universitetində Məhsəti Gəncəvi zalının yaradıldığını və elə həmin universitetdə 2015-ci ilin noyabrında təhsil naziri Mikayıl Cabbarovun iştirakı ilə Nizami Gəncəvi adına Azərbaycan dili və ədəbiyyatı kafedrasının açıldığını xüsusi qeyd edib.