MƏDƏNİYYƏT
Parisdə açılan “Top Resa” beynəlxalq turizm sərgisində Azərbaycan beş şirkətlə təmsil olunur
Dünyanın 164 ölkəsindən 1200-ə yaxın şirkətin qatıldığı beynəlxalq sərgidə Azərbaycan 2009-cu ildən iştirak edir. Bu il sərgidə ölkəmiz Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Geo travel”, “Gilanturizm”, “Rege atravel”, “Proxy travel” və “SW travel” turizm şirkətləri tərəfindən təmsil olunur.
Sərginin Azərbaycan üçün ayrılmış guşəsində ölkəmizin tarixi abidələrini, mədəniyyət və incəsənətini, turizm imkanlarını, zəngin milli mətbəxini əks etdirən kitablar, bukletlər, xəritələr və digər çap məhsulları nümayiş etdirilir. Həmçinin Bakının tarixi abidələri, görməli yerləri, ölkəmizin bənzərsiz təbiəti, adət-ənənələri, turizm məkanları ilə bağlı video-çarx göstərilir.
Nümayəndə heyətinin üzvləri - Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin sektor müdiri Vüqar Şıxəmmədov, regionlarda turizmin inkişafı sektorunun baş məsləhətçisi Leyla Verdiyeva, Zaqatala rayon mədəniyyət və turizm şöbəsinin müdiri Zümrüd Balakişiyeva və başqaları sərginin Azərbaycan guşəsi ilə maraqlananlara ölkəmiz və onun turizm imkanları barədə ətraflı məlumatlar verirlər.
Sərgi sentyabrın 26-dək davam edəcək.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris