MƏDƏNİYYƏT
Parisdə açılmış sərgidə azərbaycanlı rəssamın əsərləri böyük maraq doğurub
Oktyabrın 23-də Parisin məşhur Pyer Karden mədəniyyət mərkəzində ənənəvi “Salon Business Art” beynəlxalq müasir incəsənət sərgisinin təntənəli açılışı olub. Sərgidə müxtəlif ölkələrin 100-dən artıq rəssamının əsərləri nümayiş etdirilib.
Mərkəzin “ Rotond “qalereyasında açılan sərgidə Azərbaycanı Nigar Nərimanbəyova təmsil edib.
Rəssamın doqquz rəsm əsərindən ibarət “Uşaqlıq yuxuları” adlı guşəsi Parisin incəsənət xadimlərində və şəhərin qonaqlarında böyük maraq doğurub. Müxtəlif rəngləri və dərin məna çalarlığını özündə əks etdirən tabloların qeyri-adi mövzusu, ekspressionizm üslubunda təqdim edilməsi tamaşaçıların böyük rəğbətinə səbəb olub.
Rəssamın sərgidə nümayiş etdirilən “Mexaniki məhəbbət”, “Adajio”, “Məzhəkəçi və balerina”, “Buffon və rəqqasə qadın”, “Nostalgiya”, “Uçuş illüziyası” və digər əsərləri böyük maraq yaradıb.
Parisdə incəsənət əsərlərindən bəhs edən “La Gazetta des arts” (İncəsənət qəzeti) jurnalının sərgiyə həsr olunan xüsusi nömrəsində azərbaycanlı rəssamın yaradıcılığı haqda ətraflı məlumat verilib.
Məlumatda Nigar Nərimanbəyovanın Ə.Əzimzadə adına Ali Rəssamlıq Akademiyasında və Moskvada Dövlət Kinematoqrafiya İnstitutunda təhsil aldığı, Azərbaycan Rəssamlar İttifaqının üzv olduğu diqqətə çatdırılıb, əsərlərinin yalnız Bakıda deyil, eyni zamanda Fransa, Rusiya, Avstriya və digər ölkələrdə təşkil olunan sərgilərdə nümayiş etdirildiyi bildirilib.
Jurnalda rəssamın yağlı boya ilə çəkdiyi “Məzhəkəçi və rəqqas qadın” tablosundan ayrıca bəhs olunub.
Polşadan olan sərgi iştirakçısı Oqneşka Olsten N.Nərimanbəyovanın əsərləri barədə təəssüratını AZƏRTAC-la bölüşüb: “Mən ilk növbədə, tablolardakı rənglərin qeyri-adiliyini qeyd etmək istərdim. İlk baxışdan adama elə gəlir ki, tablolarda rənglər yeknəsəqdir. Amma diqqətlə baxdıqda rənglərin seçimində rəssamın böyük ustalıq nümayiş etdirdiyinin şahidi olursan. Diqqətimi cəlb edən ikinci bir cəhət isə əsərlərin mövzusu ilə bağlıdır. Nigarın yağlı boya ilə çəkdiyi bu tabloların əksəriyyətində teatr səhnəsinin aktyorları həm maskalı, həm də maskasız və müxtəlif formada təsvir olunub. Sanki səhnədə aktyor olan bu insanlar həyati qayğıdan uzaqdırlar. Əslində isə onlar daxilən dərin insani düşüncələrə, həyati məfkurəyə malik insanlardır. Mən bunu rəssamın böyük tapıntısı, tamaşaçıları dərin düşünməyə sövq edən mənalı mövzu seçimi kimi dəyərləndirirəm”.
Sərgi oktyabrın 26-dək davam edəcəkdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris