İQTİSADİYYAT
Parisdə azərbaycanlı rəssamın fərdi sərgisi açılmışdır
Paris, 28 aprel (AZƏRTAC). Fransanın paytaxtı Parisdə Azərbaycan rəssamı, Dövlət İncəsənət və Mədəniyyət Universitetinin qrafik-dizayn fakültəsinin kafedra müdiri, Dünya Rəssamlar Akademiyasının həqiqi üzvü, professor Arif Əzizin fərdi sərgisinin açılışı olmuşdur.
Açılış mərasimində Fransanın tanınmış simaları - Jan Klod Jitrua, Kristof Gilarme, Tilman Qrav, Sara Marşal, digər bir sıra sənət və iş adamları, jurnalistlər, Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları və Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak etmişlər.
Qonaqlar Arif Əzizin üslubunu müasir rəssamlıqda bir inqilab kimi qiymətləndirmişlər. Onlar Arif Əzizin əsərlərini ənənəvi rəssamlıqla abstrakt rəssamlığın vəhdətindən yaranmış təkrarsız yaradıcılıq inciləri adlandırmışlar.
Üç gün davam edəcək sərgidə rəssamın 40-dək əsəri nümayiş olunur. Artıq azərbaycanlı rəssam Fransa ilə yaradıcılıq əməkdaşlığını davam etdirmək üçün bir sıra maraqlı təkliflər almışdır.
Sərgi “Ulduz” Fransa – Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin və “CİFAL Groupe”un Azərbaycan nümayəndəliyinin dəstəyi ilə təşkil olunmuşdur.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris