MƏDƏNİYYƏT
Parisdə silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə hökumətlərarası komitənin 11-ci sessiyası keçirilir
Paris, 8 dekabr, AZƏRTAC
Dekabrın 8-9-da Parisdə UNESCO-nun baş qərargahında silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə hökumətlərarası komitənin 11-ci sessiyası keçirilir. Sessiyada mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasının ikinci Protokoluna qoşulmuş 12 üzv dövlətdən ibarət komitəyə Azərbaycan 2015-ci ildə 4 il müddətinə üzv seçilib.
On birinci sessiyanın gündəliyinə “gücləndirilmiş mühafizə” statusu üçün təqdim edilmiş müraciətlərə baxılması, Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması Fondundan beynəlxalq yardımın təqdim edilməsi məsələsi, təhlükə altında olan mədəni mülkiyyətə dair “Mavi Qalxan” təşkilatının hesabatının dinlənilməsi, fandreyzinq strategiyasının nəzərdən keçirilməsi kimi mövzular daxil edilib.
Sessiya zamanı komitə üzvləri UNESCO ilə San-Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu tərəfindən birgə hazırlanmış “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Hərbi Bələdçi”nin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Ümumdünya İrs Siyahısına daxil edilmiş Qobustan Qoruğu və İçərişəhər Kompleksinə sözügedən Konvensiyanın ikinci Protokoluna əsasən 2013-cü ildə “gücləndirilmiş mühafizə” statusu verilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris