İQTİSADİYYAT
Parisdə “yaşıl inkişaf”/“yaşıl iqtisadiyyat” modelinin inkişafı məsələləri müzakirə olunub
Bakı, 30 mart, AZƏRTAC
Parisdə BMT-nin Avropa İqtisadi Komissiyası (AİK), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), Avropa Ətraf Mühit Agentliyinin və BMT-nin Ətraf Mühit Proqramının birgə təşkilatçılığı ilə “Ekoloji informasiyanın birgə sistemi və “yaşıl inkişaf” mövzusunda regional seminar keçirilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, seminarda Belarus, Moldova, Ukrayna, Rusiya, Cənubi Qafqaz, Cənub-Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyat, ekologiya nazirliklərinin, eləcə də statistika idarələrinin ekspertləri iştirak ediblər.
Azərbaycan Respublikasını bu tədbirdə Dövlət Statistika Komitəsinin əməkdaşı Rəna Lazımova və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Aytən Yusifova təmsil ediblər.
Seminarın məqsədi “yaşıl inkişaf” konsepsiyası və “yaşıl iqtisadiyyat” modeli anlayışlarının və onların ŞAQMA regionunda qiymətləndirilməsi əsaslarının təkmilləşdirilməsi, milli ekoloji informasiya sistemlərinin “yaşıl inkişaf” şəbəkəsinə birləşdirilməsi, məlumat axınlarının istifadə üsullarının öyrənilməsi olub. Seminarda “yaşıl inkişaf” konsepsiyası və ekoloji informasiya sistemləri, ekoloji göstəricilər və “yaşıl inkişaf” göstəriciləri, onların oxşarlıqları və fərqləri, ekoloji informasiya sisteminin işlənib hazırlanmasının davam etdirilməsi və “yaşıl inkişaf”/“yaşıl iqtisadiyyat” modelinin inkişafı məsələləri müzakirə olunub.