CƏMİYYƏT


Parisdəki Mədəniyyət Mərkəzində azərbaycanlı məktəb direktorları ilə görüş keçirilib

A+ A

Paris, 2 iyul, AZƏRTAC

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov səfirliyin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzində Bakı və Sumqayıtdan gələn məktəb direktorları ilə görüşüb.

Diplomat Azərbaycanın 26 məktəbindən Fransa paytaxtına təcrübə mübadiləsinə gələn direktorlara iki ölkə arasında təhsil sahəsindəki mövcud əlaqələrdən və həyata keçirilən layihələrdən danışıb. Səfir 2000-ci ildə təhsil sahəsində əlaqələrin daha intensiv mərhələyə keçdiyini diqqətə çatdırıb. Bu əlaqələrin sürətləndirilməsində və genişləndirilməsində Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolu xüsusi vurğulanıb.

Diplomat qeyd edib ki, Fransanın Dövlət Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda (INALCO) artıq 15 ildir Azərbaycan dili tədris olunur. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi sayəsində Fondla INALCO arasında Azərbaycan dilinin tədrisinə dəstəklə bağlı müqavilə imzalanıb və 2008-ci il noyabrın 7-də Azərbaycan dili şöbəsinin rəsmi açılış mərasimi keçirilib.

Diplomat, həmçinin təqaüd proqramları, Müluz Yuxarı Alzas Universitetində 2014-cü ildə Məhsəti Gəncəvi zalının və 2015-ci ildə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun iştirakı ilə Nizami Gəncəvi adına Azərbaycan dili və ədəbiyyatı kafedrasının açılması, eləcə də Azərbaycanda fəaliyyətə başlayan Fransız liseyi və Azərbaycan-Fransız Universiteti haqqında məlumat verib.

Fransada təşkil edilmiş elmi-praktiki konfranslar və mədəniyyət tədbirlərindən söz açan diplomat elm sahəsindəki əməkdaşlıqdan danışıb.

Azərbaycanlı məktəb direktorları Paris-Sorbonne (Paris IV), Paris-Sorbonne Abu Dabi (UPSAD) universitetləri və Fransanın Azərbaycandakı səfirliyinin birgə təşkil etdiyi təcrübə mübadiləsi layihəsi çərçivəsində paytaxtda bir neçə liseydə, eləcə də UNESCO-da olacaqlar.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.