DÜNYA
Parisin 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyi irəli sürülüb VİDEO
Bakı, 14 aprel, AZƏRTAC
Parisin 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına namizədliyi rəsmən irəli sürülüb. Bələdiyyə Məclisində keçirilən səsvermədə Parisin namizədliyi böyük səs çoxluğu ilə dəstəklənib. Yaşıllar Partiyası xərclərin çoxluğunu səbəb gətirərək Parisin namizədliyinin əleyhinə çıxış edib. Radikal Sol Partiyası da namizədliyi müdafiə etməyib.
Parisin Sosialist Partiyasından olan bələdiyyə sədri Anne Hidalgo mətbuata açıqlamasında qərarın böyük məmnunluq doğurduğunu bildirib.
Şəhər bələdiyyəsi Olimpiya Oyunları üçün 6,2 milyard avroluq büdcə ayırıb. Namizədlik üçün iyunda rəsmi müraciət göndəriləcək.
Fransada keçirilən rəy sorğularının nəticələrinə görə, paytaxt əhalisinin 61 faizi Olimpiya Oyunlarına ev sahibliyinə maraq göstərir.
Yay Olimpiya Oyunlarına 1900-cü və 1924-cü illərdə ev sahibliyi edən Paris 1992-ci, 2008-ci və 2012-ci illərdə də bu mötəbər idman tədbirinin keçirilməsi üçün namizəd olub.