MƏDƏNİYYƏT


“Park Cinema” şəbəkəsinin böyük ekranlarında film-sərgilər nümayiş etdiriləcək

Bakı, 12 iyul, Flora Şükürova, AZƏRTAC

İyulun 12-də Bakıda “British Council CoolConnections” və “Park Cinema”nın əməkdaşlığı ilə yeni layihəyə start verilib. Bu layihəyə əsasən iyulun 16-dan etibarən Bakı tamaşaçıları britaniyalı rejissor Fil Qrabskidən yüksək keyfiyyətdə və böyük ekranda film-sərgiləri izləmək şansı əldə edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Elizabet Vayt layihənin açılış mərasiminə həsr edilmiş mətbuat konfransında deyib.

Vurğulanıb ki, London Milli Qalereyası, Kral İncəsənət Akademiyası və Müasir İncəsənət Qalereyası, Norveç Milli Muzeyi, Munka Muzeyi, Amsterdam Dövlət Muzeyi, Mauritshuis Kral Qalereyası və Amsterdamdakı Van Qoq Muzeyindən olan sərgilər böyük ekranda yenidən canlanaraq sənətsevərlərə daha yaxın olacaq. Rejissor Fil Qrabskinin film-sərgiləri Londondan tutmuş Osloya, Parisdən Nyu-Yorka qədər dünyanın müxtəlif muzeylərində rəsm sənətinin istiqamətləri və dahi rəssamların sənəti ilə kinoteatr zalında yaxından tanış olmaq imkanı yaradır.

Qeyd edilib ki, HD çəkiliş sayəsində tamaşaçılar qədim ustad və impressionistlərin, XVII əsrin Hollandiya rəssamları və avanqardçı rəssamların şah əsərlərini incəliklərinə qədər izləyə biləcəklər. Bu filmlər dünyanın 50 ölkəsində 150-dən çox kinoteatrda nümayiş olunub, satılmış biletlərin sayı isə milyonu ötüb. Bakıda layihəyə yeddi tammetrajlı filmin nümayişi ilə start verilir. Rəqəmsal kinonun yüksək texnologiyalarından istifadə edilmiş bu filmlərdə tamaşaçılar dünya incəsənətinin şah əsərləri ilə tanış olmaqla yanaşı, sərginin necə ərsəyə gəlməsinin şahidi olacaqlar. Məsələn, “Leonardo HD” filminin əsasını London Milli Qalereyasında keçirilmiş “Leonardo da Vinçi: Milan sarayında rəssam” sərgisi təşkil edir. Sözügedən sərgi ətrafında böyük ajiotaj ikinci əl satılan biletlərin qiymətinin 700 dollara kimi artmasına səbəb olub. Fil Qrabiskinin filmi sayəsində Bakı tamaşaçıları bu sərgini adi kino bileti qiymətinə seyr edə biləcəklər.

Jurnalistlərin diqqətinə çatdırılıb ki, kuratorların maraq doğuran tədqiqatları, nəhəng muzeylərin fəaliyyəti, əl işlərinin bərpası, sənətşünasların ekspert rəyi, aktyor, yazıçı, rəssam və musiqiçilərin şəxsi təəssüratları film-sərgidə əksini tapacaq. Bu sənədli filmlər sayəsində azərbaycanlı tamaşaçılar təsviri incəsənətin şah əsərlərinin yaranma tarixçəsi ilə də tanış ola biləcəklər. Film nümayişlərinə “Park Cinema” kinoteatrlar şəbəkəsində “Rəssamlıqda bağlar: Monedən Matissaya” adlı ekran əsəri ilə başlanılacaq. Biletləri onlayn və ya “Park Cinema” (Flame Towers) kassalarında əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.