DÜNYA
Parkinson xəstəliyindən əziyyət çəkənlər üçün “ağıllı” qaşıq
Bakı, 26 noyabr, AZƏRTAC
ABŞ-ın Google şirkəti Parkinson xəstəliyindən əziyyət çəkən insanlar üçün hazırladığı “ağıllı” qaşığı satışa buraxdığı barədə məlumat verib.
AZƏRTAC Los Angeles Times qəzetinə istinadla xəbər verir ki, bu qaşıq Parkinson xəstəliyi olan şəxslərə qol əzələlərində güclü əsməyə baxmayaraq müstəqil şəkildə qida qəbul etməyə imkan verəcək.
Qaşığın istehsalı ilə Google kompaniyasının sentyabr ayında əldə etdiyi innovativ tibbi avadanlıqlar üzrə ixtisaslaşmış Lift Labs firması məşğul olur. Verilən məlumata görə, qida zamanı əsməni 76 faiz azalda bilən qaşığın satış qiyməti 295 dollar təşkil edir.
Qeyd edək ki, Parkinson hərəkət funksiyalarının proqressiv pozulması, əllərin və başın əsməsi, hərəkətin və tənəffüsün pozulması ilə nəticələnən mərkəzi sinir sistemi xəstəliyidir.