SİYASƏT
“Parlamentdə bir gün” layihəsi çərçivəsində Milli Məclisdə növbəti görüş keçirilib
Bakı, 12 fevral, AZƏRTAC
“Parlamentdə bir gün” layihəsi çərçivəsində Milli Məclisdə növbəti görüş fevralın 12-də Binəqədi rayon bələdiyyələrini təmsil edən nümayəndələrlə keçirilib.
AZƏRTAC xəbəri verir ki, görüşdə Milli Məclis sədrinin müavini Bahar Muradova bu gün parlamentdə bələdiyyələrin illik fəaliyyətinə dair hesabatın dinlənildiyini xatırladıb. Bu hesabatın hər il dinlənildiyini deyən Bahar Muradova bildirib ki, son 10 ildə Milli Məclis ictimai müzakirələri, dinləmələri vətəndaşlara açıq şəkildə həyata keçirir.
Milli Məclis sədrinin müavini bələdiyyələrin fəaliyyətinin daha da təkmilləşdirilməsi, mövcud nöqsanların həlli istiqamətində birgə işin vacibliyini qeyd edib. O, səmərəli iş üçün bələdiyyə-vətəndaş münasibətlərinin inkişaf etdirilməsinin önəmli olduğunu vurğulayıb.
Bahar Muradova qeyd edib ki, bələdiyyə institutunun yaradılması Azərbaycanın nailiyyətlərindən biridir. Görüləcək işlərdən danışan Milli Məclis sədrinin müavini qeyd edib ki, çoxtərəfli layihələrlə, aidiyyəti qurumların və eləcə də bələdiyyələrin özlərinin səyləri nəticəsində mövcud problemlərin aradan qaldırılmasına çalışacağıq.
Parlamentin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Binəqədi rayonunda bələdiyyələri təmsil edənlərin 19-nun qadın olmasını yaxşı hal kimi dəyərləndirib. Qeyd edib ki, bu, son illər ölkənin ictimai-siyasi həyatında qadınların fəallığının artmasından xəbər verir. Komitə sədri qeyri-obyektiv iradların azalması məqsədilə bələdiyyələrin fəaliyyətini düzgün işıqlandırmaq üçün televiziya kanallarında xüsusi verilişlərə ehtiyac olduğunu diqqətə çatdırıb.
Görüş Binəqədi rayonunda fəaliyyət göstərən bələdiyyə üzvlərinin və sədrlərinin fikir mübadiləsi ilə davam edib.