İQTİSADİYYAT
Parlamentin komitə iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi müzakirə olunub
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 28-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Ziyad Səmədzadə gündəlikdəki “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edib.
Komitə sədri qeyd edib ki, parlamentdə birinci oxunuşda müzakirəsindən sonra qanun layihəsi yenidən diqqətlə öyrənilib, səslənən fikirlərə diqqətlə yanaşılıb. Sənədin bəzi maddələrinə redaktə xarakterli düzəlişlər edilib, qanunun dili sadələşdirilib. Ziyad Səmədzadə sənədin konseptual əhəmiyyətini və aktuallığını da qeyd edib.
Sonra Milli Məclisin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov qanun layihəsində aparılan dəyişiklikləri şərh edib. Qeyd olunub ki, sənədin 5.1-ci maddəsi yeni redaktəylə verilir. İlkin variantda yüklülüyün nəzərdə tutulmuş qaydada üçüncü şəxslərə açıqlanması yüklülüyün etibarlılığına təsir göstərmirdi. Belə ki, yüklülüyün üçüncü şəxslərə açıqlanması könüllü xarakter daşıyırdı. Amma indi bu müddəa daha da konkretləşdirilib. Dövlət və bələdiyyə yüklülüyünün növləri qanun layihəsinin 4.2-ci maddəsində göstərilib. Qanun layihəsinin 6.1-ci maddəsi eyni daşınar əmlak üzərində yüklülük sahiblərinin tələblərinin ödənilməsinin növbəliliyini müəyyən edir. Bu qanuna əsasən, hər bir daşınar əmlak bir neçə yüklülük predmeti ola bilər. Bu maddədə tələblərin ödənilməsi baxımından növbə ardıcıllığı müəyyən edilib. Məlumdur ki, pul vəsaitləri də daşınar əmlak olaraq yüklülük predmeti ola bilər. Sənədə hesabda olan pul vəsaitlərinin ödəmə növbəliliyinin istisna edilməsi və yeni 6.4-cü maddənin əlavə edilməsi də nəzərdə tutulub. Sənədlə əlaqədar bütün digər vacib düzəlişlər də diqqətə çatdırılıb.
Müzakirələr zamanı deputatlar sənədlə əlaqədar fikirlərini bildiriblər, qanun layihəsinin mühüm praktiki əhəmiyyət daşıdığı vurğulanıb.
Ətraflı müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.