MƏDƏNİYYƏT


Parlamentin mədəniyyət komitəsinin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı təsdiqlənib

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də Milli Məclisin mədəniyyət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Rafael Hüseynov 2016-cı ilin payız sessiyası dövründə görülən işlər barədə məlumat verib. Bildirib ki, sessiya dövründə komitənin altı iclası keçirilib və bir sıra qanun layihələri müzakirə edilib. Hesabat dövründə komitədə ayrı-ayrı vətəndaşlardan, habelə idarə, müəssisə və təşkilatlardan daxil olmuş 147 təklif, ərizə və şikayətə baxılıb. Bu müraciətlərdən 96-sı tədbir görülməsi üçün müvafiq orqanlara göndərilib, 51 müraciət işə alınıb. Ötən dövrdə komitə sədri tərəfindən 11 vətəndaş qəbul edilib.

Deputatlar ötən müddətdə komitənin gördüyü işləri qənaətbəxş hesab ediblər.

Sonra komitənin 2017-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı təsdiq edilib. Bildirilib ki, yaz sessiyasında “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında” qanun layihələrinə baxılması nəzərdə tutulur.

İclasda, həmçinin “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Qeyd edilib ki, qanun layihəsinə əsasən sənədin 13-cü maddəsinin birinci hissəsinin birinci cümləsi yeni redaksiyada veriləcək. Belə ki, inşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata məlumat verilməli, həmin orqanlar və elmi təşkilat tərəfindən iki ay müddətində bu qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalı və digər tədbirlər görülməlidir. Bu dəyişikliyin əsas məqsədi inşaat və digər təsərrüfat işləri görülərkən aşkar edilən abidələrin qorunması sahəsində mövcud olan qaydaları daha da təkmilləşdirməkdir.

Daha sonra UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyası və Azərbaycanda bu Konvensiyadan irəli gələn müvafiq qanun layihəsinin hazırlanması məsələsinə də baxılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.