ELM VƏ TƏHSİL
“Parlaq zəka” intellektual oyunu üzrə ikinci çempionatın qalibləri müəyyənləşib
Bakı, 1 iyul, AZƏRTAC
Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ), “Azərbaycan” İntellektual Oyunlar Klubunun, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Parlaq zəka” intellektual oyunu üzrə məktəblilərarası ikinci çempionatın final oyunu keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə “Parlaq zəka” məktəblilərarası ikinci çempionatın paytaxtın rayonları üzrə seçim turları keçirilib. VIII-X sinif şagirdlərinin iştirak etdikləri layihə Bakının Yasamal, Nəsimi, Binəqədi, Xətai, Nərimanov, Səbail, Qaradağ və Pirallahı rayonlarının məktəblərini əhatə edib. Beş nəfərdən ibarət komandalar oyun zamanı humanitar-ictimai profil üzrə tarix, ədəbiyyat, mədəniyyət, incəsənət sahəsində biliklərini nümayiş etdiriblər.
Finala vəsiqə qazanan 16, 168, 299, 320 nömrəli tam orta məktəblər, 287 nömrəli “Zəkalar” liseyi və akademik Zərifə Əliyeva adına Liseyin komandaları arasından qaliblər müəyyənləşib.
Final mərhələsinin nəticələrinə əsasən, 299 nömrəli məktəb-liseyin komandası birinci, 287 nömrəli “Zəkalar” liseyinin komandası ikinci, akademik Zərifə Əliyeva adına Liseyin komandası isə üçüncü yeri tutub.
Qaliblərə sertifikat və hədiyyələr verilib.