İQTİSADİYYAT
“PAŞA Həyat Sığorta”nın cari ilin 9 ayı ərzində investisiya gəlirləri 8,7 milyon manat təşkil edib
Bakı, 28 oktyabr, AZƏRTAC
“PAŞA Həyat Sığorta” ASC–nin cari ilin 9 ayı ərzində investisiya gəlirləri 8,7 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə (6,4 milyon manat) 36 faiz çoxdur. Şirkətin sığorta ödənişləri isə 25,6 milyon manat olub. Bu göstərici ötən illə müqayisədə (7,5 milyon manat) 241 faiz artım deməkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 28-də “PAŞA Həyat Sığorta” ASC-nin baş ofisində jurnalistlər üçün keçirilən “Açıq qapı” günündə şirkətin İdarə Heyəti sədrinin 1-ci müavini Niyazi İsmayılov bildirib.
Jurnalistlərə həmçinin şirkətin fəaliyyəti, gələcək planları barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, “PAŞA Həyat Sığorta” istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəlikdən sığorta və digər əlverişli könüllü həyat sığortası məhsulları təklif edir. Şirkət satışları ofisdən birbaşa, on-line və banklar vasitəsilə həyata keçirir.
“PAŞA Həyat Sığorta” ASC–nin Təlim Mərkəzinin rəhbəri Pərviz Quliyev deyib ki, tədbirin əsas məqsədi ictimaiyyəti, eləcə də media nümayəndələrini şirkətdə baş verən yeniliklərlə bağlı məlumatlandırmaq, həmçinin struktur bölmələrinin işi ilə və göstərdiyi həyat sığortası xidmətləri ilə tanış etməkdir.
Onun sözlərinə görə, bu sahədə təlim mərkəzinin müxtəlif layihələri var. Yeni layihələrdən biri ali təhsil müəssisələrinin tələbələri ilə təcrübənin bölüşdürülməsidir. Belə ki, mərkəzdə həmin şəxslərə sığorta sahəsində və karyera qurmaq üçün dəyərli məsləhətlər verilir. Eyni zamanda ayda 2 dəfə olmaqla, könüllülər və müştəri şirkətlər üçün təlimlər təşkil edilir və məzunlara sertifikat verilir. 2013-cü ildən başlayan təlimlərdə artıq 2000 nəfər şirkətin sertifikatına layiq görülüb.
2014-cü ildən başlanan yeni layihəyə görə isə universitetlərdən şirkətə 1 ay müddətinə təcrübə toplamağa gəlirlər.
Sonra KİV nümayəndələri şirkətin müvafiq strukturlarının fəaliyyəti, hazırda sığorta bazarında baş verən yeniliklərlərlə yaxından tanış olublar.