CƏMİYYƏT
Paskal Mönye: Azərbaycan təhsil və mədəniyyət sahələrində Fransa ilə uğurla əməkdaşlıq edir
Bakı, 22 noyabr, Ayişə Axundova, AZƏRTAC
Noyabrın 21-də Bakıdakı Fransa İnstitutunda Birinci Dünya müharibəsinin 100 illiyi ilə əlaqədar Alman-fransız anım həftəsi təşkil olunub.
Almaniyanın və Fransanın Azərbaycandakı səfirləri tədbir çərçivəsində mətbuat konfransı keçiriblər.
Fransanın ölkəmizdəki səfiri Paskal Mönye AZƏRTAC-a verdiyi müsahibədə deyib: “Mən ötən həftə Bakıda keçirilmiş ən mühüm tədbirlərdə iştirak etmişəm. Xüsusilə dünyanın müxtəlif ölkələrinin, o cümlədən Fransanın din xadimlərini bir araya gətirən “Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda beynəlxalq konfransı qeyd etmək istəyirəm. Bu konfrans bir daha Azərbaycanda tolerantlığın yüksək səviyyədə olduğunu göstərdi, gənclərin dini cəhətdən maarifləndirilməsi işinin gücləndirilməsinə diqqəti çəkdi.
Bu həftənin əlamətdar hadisələrindən biri də Azərbaycanda keçirilmiş beynəlxalq idman filmləri festivalı oldu. Mənə çox xoşdur ki, festivalın nominasiyalarından birində fransız rejissorun çəkdiyi bədii film qalib gəlib.
Qeyd etmək lazımdır ki, son illər Azərbaycanda bir çox beynəlxalq tədbirlər keçirilir, ölkə sürətlə inkişaf edir və qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlir.
Azərbaycan təhsil və mədəniyyət sahələrində Fransa ilə müvəffəqiyyətlə əməkdaşlıq edir. Fransa universitetlərində xeyli azərbaycanlı tələbə təhsil alır. Azərbaycan gəncləri təhsil almağa, bilik səviyyəsini yüksəltməyə, idmanda nailiyyətlər qazanmağa, mədəni inkişafa can atırlar. Fransa-Azərbaycan ali məktəblərinin yaradılması və onların diplomlarının hər iki ölkədə tanınması planlaşdırılır”.