REGİONLAR
Payız mövsümündə muxtar respublikada yeni meyvə bağları salınacaq
Naxçıvan, 23 sentyabr, AZƏRTAC
Payız mövsümündə muxtar respublikada 200 hektardan çox ərazidə yeni meyvə bağlarının və yaşıllıq zolaqlarının salınması nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu il ilk dəfə olaraq yarğanlaşmış ərazilərdə, o cümlədən muxtar respublikanın Kəngərli rayonunun Böyükdüz ərazisində və Şərur rayonunun Dizə kəndinə aid Arpaçay vadisində relyefə uyğun əkin işləri aparılacaq.
Bundan əlavə, muxtar respublikada üzümçülüyün inkişaf etdirilməsi məqsədilə Sədərək rayonunun Heydərabad qəsəbəsi yaxınlığında 1 hektar sahədə üzüm, yüksək dağlıq ərazilərdə, xüsusilə Culfa, Şahbuz və Ordubad rayonlarında yeni meyvə bağlarının salınması üçün hazırlıq işləri görülür. Eyni zamanda 2016-cı ilin yaz mövsümündə olduğu kimi, payız mövsümündə də tut tinglərindən ibarət əkin işlərinin kütləviliyini artırmaq məqsədilə planlar tərtib olunub. Bu istiqamətdə həyata keçirilən tədbirlər muxtar respublikada baramaçılığın inkişafına böyük töhfə verəcək.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin əsas istiqamətlərindən biri də ətraf mühitin qorunması, ekoloji problemlərin həll edilməsi və əlverişli ekoloji mühitin yaradılmasından ibarətdir. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, bu istiqamətdə görülən işlərin nəticəsində cari ilin ötən dövründə muxtar respublika ərazisində 246,2 hektar sahədə meyvə bağları salınıb, əkin-bərpa işləri həyata keçirilib.