İQTİSADİYYAT
Payızlıq və yazlıq dənli bitkilərin əkin sahəsindən 2,8 milyon tondan çox məhsul yığılıb
Bakı, 17 avqust, AZƏRTAC
Respublikanın kənd təsərrüfatında avqustun 1-dək payızlıq, yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 98,2 faizi (944,2 min hektarı) biçilib. Həmin sahələrdən 2 milyon 802,1 min ton məhsul götürülüb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, hər hektardan orta hesabla 29,7 sentner məhsul əldə edilib. Bundan əlavə, 3,6 min hektar qarğıdalı sahəsindən 13,9 min ton məhsul götürülüb.
Yığım başlanandan sahələrdən 577,2 min ton kartof, 732,7 min ton tərəvəz, 343,2 min ton bostan məhsulları, 180,1 min ton meyvə və giləmeyvə, 3522 ton üzüm, 608,1 ton yaşıl çay yarpağı, 1616 ton günəbaxan, 2057 ton tütün yığılıb.
Bu dövrdə 263,6 min ton, yaxud 2015-ci ilin yanvar-iyul aylarına nisbətən 2,6 faiz çox diri çəkidə ət, 1 milyon 168,8 min ton (2,1 faiz çox) süd, 947,8 milyon ədəd (5,5 faiz çox) yumurta, 15,9 min ton (1,6 faiz çox) yun istehsal olunub.
Bundan başqa, ölkə üzrə 70,7 ton barama istehsal edilib.
Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə kənd təsərrüfatı məhsulları 2,6 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 2,5 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,8 faiz artıb.