ELM VƏ TƏHSİL
Paytaxt məktəblərində Novruz bayramı qeyd olunub
Bakı, 17 mart, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Novruz bayramı ilə əlaqədar silsilə tədbirlər keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, paytaxt məktəblərində “Yurdumuza yaz gəlir”, “Novruz xalq bayramıdır”, “Milli-mənəvi dəyərlərimiz”, “Elimizə bahar gəlir”, “Sazlı-sözlü Novruzum”, “Səməni saxla məni”, “Xonçalı Novruz gəlir”, “Novruz ənənələri” və digər müvafiq mövzularda tədbir, “dəyirmi masa”, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil edilib. Həmçinin məktəblərdə Novruz bayramı münasibətilə divar qəzetləri, stend və guşələr, bülletenlər hazırlanıb, “Ən yaxşı səməni", “Ən yaxşı əl işi” nominasiyaları üzrə müsabiqələr keçirilib.
Tədbirlərdə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, atributları barədə məlumat verilib, su, od, yel və torpaq çərşənbələrinin mahiyyətindən söz açılıb. Bildirilib ki, zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var. Bolluq, xeyirxahlıq, gözəllik və humanist ideyalar bayramı olan Novruzun dünyadakı bütün azərbaycanlılar tərəfindən qeyd edilməsi milli birliyin göstəricisidir.
Mərasimlərdə milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi şagirdlərin diqqətinə çatdırılıb.
Şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar oxuyub, şeirlər söyləyib, maraqlı səhnəciklər nümayiş etdiriblər.
Bayram şənliklərində şagirdlərin ifasında “Halvaçı”, “Səmənilər”, “Lalələr”, “Üzümçülər” rəqsləri, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızın gəlişi tədbirlərə xüsusi rəng qatıb.