ELM VƏ TƏHSİL
Paytaxt məktəblərində “Son zəng”
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də təhsil nazirinin əmrinə əsasən, paytaxtın ümumi təhsil məktəblərinin XI sinif şagirdləri üçün “Son zəng” çalınıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə məzunların və birincilərin iştirakı ilə konsert proqramı nümayiş etdirilib, maraqlı səhnəciklər göstərilib. Məktəb həyatı ilə vidalaşan məzunlar birincilərə hədiyyələr təqdim ediblər.
Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlərə fəxri fərman və medallar verilib.
Qeyd edək ki, 2016-2017-ci tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərin buraxılış (XI, XII) siniflərini 20124 şagird bitirib. Ümumi təhsil məktəblərini IX sinif üzrə 27708, XI sinif üzrə 19525, birinci sinif üzrə 45321, XII sinif üzrə (əyani-qiyabi tam orta məktəb və qiyabi siniflərdə) 599 nəfər şagird başa vurub.