ELM VƏ TƏHSİL
Paytaxt məktəblərində “danışıq klubları” yaradılıb
Bakı, 14 aprel, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan 60 ümumi təhsil məktəbində ingilis dilində “danışıq klubları” fəaliyyətə başlayıb.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, ingilis dilində “danışıq klubları”nın yaradılmasının məqsədi müxtəlif yaş qruplarından olan şagirdlərin məktəbdə əldə etdikləri xarici dil biliklərini praktik danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirməkdir. Həmçinin məktəblilərin ingilis dilində fikirlərini düzgün və səlis ifadə etmələrinə dəstək vermək, ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqdır.
İctimai əsaslarla məktəb daxilində fəaliyyət göstərən “danışıq klubları”nda I-XI sinif şagirdləri könüllü iştirak edirlər.
Klubların səmərəli fəaliyyəti və ümumi təhsil məktəblərinə lazımi dəstəyin göstərilməsi üçün paytaxtdakı pilot məktəblərin ingilis dili müəllimləri “Ümumi təhsil məktəblərində ingilis dilində danışıq klublarının yaradılması” layihəsi çərçivəsində təlimlərə cəlb olunublar. Təlimlər BŞTİ-nin və ABŞ-ın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. “Danışıq klubları”nı həmin təlimləri müvəffəqiyyətlə bitirmiş müəllimlər idarə edirlər. Klub dərsləri layihənin əlaqələndiriciləri tərəfindən müşahidə edilir.