İQTİSADİYYAT


Paytaxt rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məsələləri müzakirə edilib

A+ A

Bakı, 26 iyul, AZƏRTAC

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarının icrası ilə bağlı həmin rayonların icra hakimiyyəti başçısının müavinləri və baş memarları ilə növbəti görüş keçirilib.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sədr Abbas Ələsgərov Qərarın respublika ərazisində ilk dəfə olaraq reallaşdırılan “pilot layihə”yə aid hissədə icrası və bundan irəli gələn işlər barədə bu formatda müzakirələrin aparılması artıq ənənə halı aldığını deyib. O, növbəti iclasın keçirilməsində əsas məqsədin layihənin icrasına başlanılmasından ötən 4 ay ərzində görülən işlər, komitə və baş memarlar arasındakı birgə fəaliyyət, meydana çıxan çətinliklərin aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparmaqdan ibarət olduğunu vurğulayıb.

A.Ələsgərov qeyd edib ki, Qərar tikinti işlərinin aparılması sahəsində rayon icra hakimiyyətlərinin bu günə qədər mövcud olan səlahiyyətlərini, eyni zamanda, məsuliyyətini artırıb. İndiyədək Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən bir sıra işlər rayon icra hakimiyyətlərinə həvalə olunub. Bu məsuliyyəti düzgün dərk etmək və göstərilən etimadı doğrultmaq üçün fəal işləmək lazımdır.

Bildirib ki, bu layihə çərçivəsində yararsız vəziyyətə düşmüş 1000-ə yaxın yaşayış binası sökülməli, 30 mindən artıq sakin köçürülməli, bir milyon kvadratmetrə yaxın yaşayış sahəsi tikilməlidir. Komitə tərəfindən tikintisi nəzərdə tutulmuş 32 obyekt üzrə planlaşdırma tövsiyələri razılaşdırılıb və bu iş gündəlik olaraq aparılır. Bu günə qədər təqdim edilmişlərdən yalnız 1-2 obyektlə bağlı məsələlər açıq qalıb.

Komitənin müvafiq əməkdaşlarının müəyyən olunmuş ərazilərdə söküntü işləri ilə bağlı monitorinq apardığını bildirən A.Ələsgərov bu işin ləng getməsindən narahatlığını dilə gətirib.

Bir daha şəhərsalmada əsas göstəricinin 1 hektara düşən tikinti sıxlığı və yaşayış evləri üçün ayrılmış ərazinin tikinti əmsalı olduğunu deyən A.Ələsgərov qeyd edib ki, bu göstəricilər hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”la tənzimlənir. Sənədə bir sıra düzəlişlərin edilməli olduğunu nəzərə çatdıran komitə sədri bu Qaydaların müvafiq tikinti norma və qaydalarından köçürüldüyünü və məhz sonuncu texniki-normativ sənəddəki bütün müddəaların toplu halında nəzərə alınmalı olduğunu vurğulayıb. Bu zaman hər bir obyekt üzrə ərazinin tikinti sıxlığı əmsalının 2,7 hesabı ilə götürülə bilməsini və bu barədə müvafiq qaydada müraciət olunduğunu iclas iştirakçılarının diqqətinə çatdırıb.

Komitə sədri bildirib ki, məhəllələrin tikinti planlaşdırma layihələrinin (5 hektara qədər, lakin 1 hektardan az olmamaqla) əsas şəhərsalma normativləri əsasında hazırlanması tövsiyə olunur.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.