CƏMİYYƏT
Paytaxt sakinləri arasında sağlam həyat tərzinə dair aparılmış sorğunun nəticələri açıqlanıb
Bakı, 16 dekabr, E.Hüseynov, AZƏRTAC
Səhiyyə Nazirliyi, “Ümid” İctimai Birliyi və “Coca-Cola”nın “Sağlam ol!” birgə araşdırma layihəsi çərçivəsində Bakı sakinləri arasında sağlam həyat tərzinə dair keçirilən sosioloji sorğunun nəticələri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar dekabrın 16-da Bakıda keçirilən tədbirdə layihə haqqında məlumat verilib. Bildirilib ki, layihənin məqsədi əhalinin sağlam həyat tərzinə münasibətini müəyyən etmək üçün sosial araşdırma keçirmək olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, sorğu Bakı və şəhərətrafı ərazilərdə yaşayan 18-64 yaşlı 1000 nəfər arasında aparılıb. Respondentlərin 49 faizi qadın, 51 faizi kişi olub. Aparılan araşdırma sağlam həyat tərzinin populyarlaşdırılmasının zəruriliyini, ona mane olan səbəbləri, həmçinin əhalinin fiziki aktivliyə ümumi yanaşmasını müəyyən edib.
Araşdırmanın nəticələrinə görə, sorğu iştirakçılarının 83 faizi güclü fiziki fəaliyyətlərlə, 70 faizi isə orta səviyyəli fiziki aktivliklə belə məşğul olmur. Bu cür fəaliyyətlərlə məşğul olanların həftəlik orta göstəricisi 1,5 gün təşkil edir. Respondentlərin 16 faizi pəhriz saxlayır.
“Ümid” İctimai Birliyinin icraçı direktoru İsrail İsgəndərov isə bildirib ki, respondentlərin 96 faizi piyada gəzintiyə hər gün orta hesabla 10 dəqiqə vaxt ayırır. Bundan başqa, sorğu iştirakçılarının demək olar ki, yarısı həkimə yalnız ciddi sağlamlıq problemləri olanda müraciət edir. Respondentlərin 36 faizi ildə bir dəfə həkimə ümumi yoxlamaya (“check up”), 56 faizi isə ümumi müayinəyə gedirlər.