CƏMİYYƏT
Paytaxt yollarında IV İslam Həmrəyliyi Oyunları ilə bağlı xüsusi zolağın çəkilməsinə başlanılıb VİDEO
Bakı, 3 aprel, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunları zamanı Bakıda müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın tətbiq ediləcəyi küçələrin siyahısı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bu barədə jurnalistlərə ətraflı məlumat verib.
K.Əliyev bildirib ki, “Oyunlar zolağı”nın çəkilişi ilk olaraq, Neftçilər prospektində aparılıb. Bu hissə Dövlət Bayraq Meydanından başlayaraq Bakı İdman Sarayına qədər olan ərazini əhatə edir. “Oyunlar zolağı”nın kənarlarına sarı xətt çəkilib, asfalt üzərində isə təyin edilən yerlərdə “Bakı-2017” sözləri yazılıb. Mayın 1-dən 25-dək bu zolaqlara ancaq IV İslam Həmrəyliyi Oyunları üçün nəzərdə tutulan nəqliyyat vasitələri buraxılacaq.
“Xüsusi zolaqların çəkilişi işləri mərhələli şəkildə Ziya Bünyadov prospekti, Bakı Dairəvi Yolu, Salyan şosesi, Bibiheybət yolu-1, Bibiheybət yolu-2, Neftçilər prospekti, Qara Qarayev prospekti (bütün yol), Atatürk prospekti, Fətəli xan Xoyski küçəsi, Vaqif prospekti, Hənifə Ələsgərov küçəsi, Tbilisi prospekti, Əbdülvahab Salamzadə küçəsi və Böyükşor şosesində də aparılacaq. Bu yollarda çəkilmiş xüsusi zolaqlara IV İslam Həmrəyliyi Oyunlarına cəlb edilən nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin girişinə qadağa qoyulacaq. Yalnız xüsusi buraxılışı olan və müvafiq loqolarla işarələnmiş nəqliyyat vasitələri bu zolaqlarda hərəkət edə biləcək. Bu zolaqlara daxil olacaq digər nəqliyyat vasitələrinin sürücüləri inzibati məsuliyyətə cəlb ediləcəklər”, - deyə K.Əliyev qeyd edib.