ELM VƏ TƏHSİL
Paytaxtda birinci sinfə qəbul üzrə müsabiqə mərhələsi davam edir
Bakı, 19 iyun, AZƏRTAC
Paytaxtda birinci sinfə qəbul üzrə müsabiqə mərhələsi davam edir.
Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 287 nömrəli “Zəkalar” liseyi və 160 nömrəli Klassik Gimnaziyaya birinci sinfə qəbul üzrə iyunun 6-dan başlayan müsabiqə iyunun 30-da yekunlaşacaq.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara müsabiqə nazirliyin müvafiq şöbəsinin nəzarəti ilə həmin lisey və gimnaziyalarda həyata keçirilir. 287 nömrəli “Zəkalar” liseyinə və 160 nömrəli Klassik Gimnaziyaya müsabiqə isə BŞTİ-nin nəzarəti ilə müvafiq lisey və gimnaziyada aparılır. Bu barədə hər bir valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə (və yaxud elektron poçta) mesaj göndərilib. Eyni zamanda, bu məlumat hər bir valideynin şəxsi kabinetində bildiriş şəklində yerləşdirilib. Valideynlər həmin bildirişi çap edərək müsabiqə günü uşaqla (uşağın şəxsiyyətini təsdiq edən sənəd təqdim olunmaqla) birlikdə müsabiqə keçirilən məktəbə yaxınlaşmalıdırlar.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə altı yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq xüsusi istedadlı uşaqların birinci sinfə qəbul üzrə müsabiqəsi iyunun 20-dən 10-dək aparılacaq.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə cari ilin sentyabrın 16-dan dekabrın 31-dək altı yaşı tamam olacaq xüsusi istedada malik uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu üzrə müsabiqə paytaxtdakı 42 nömrəli tam orta məktəbdə keçiriləcək.
Məktəbəhazırlıq qruplarını uğurla başa vuraraq müvafiq sertifikat almış, altı yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqlar isə birinci sinfə müsabiqədənkənar qəbul olunurlar.