İQTİSADİYYAT
Paytaxtda ən müasir ailəvi əyləncə mərkəzi fəaliyyətə başlamışdır
Bakı, 21 dekabr (AZƏRTAC). “Yeni Həyat” şirkəti tərəfindən paytaxtın Nobel prospektində ümumi sahəsi 16 min 889 kvadratmetr təşkil edən “Megafun” ailəvi əyləncə mərkəzi istifadəyə verilmişdir.
AZƏRTAC “Yeni Həyat”-ın rəsmi saytına istinadla xəbər verir ki, burada ən müxtəlif yaş kateqoriyaları üçün nəzərdə tutulan 206 növ attraksion, oyun zalı, simulyator və digər əyləncə vasitələri bir məkanda cəmləşmişdir. Mərkəzin nəhəng ərazisində müvafiq oyun zalları yerləşdirilmişdir.
Əyləncə mərkəzində, həmçinin 6350 kvadratmetrlik sahəni 7 zala malik professional kinoteatr tutur. Kinoteatr müasir avadanlıq, mükəmməl səs keyfiyyəti, ekran, rahat oturacaqlarla təchiz olunmuşdur.
Fəal istirahətə üstünlük verənlər 16 zolaqlı boulinqə malik “London” zonası, eləcə də xizək sürmək üçün əsil buz meydançası olan “Moskva” zonasından unudulmaz həzz alacaqlar. “Ştutqart” avtodromunda avtoyürüşlər və ya “Venesiya”nın orijinal qayıqları ilə gəzinti də qonaqlara bənzərsiz təəssüratlar bəxş edəcəkdir. Ən cəsarətlilər isə kosmosa uça biləcək və “Qorxu” tuneli ilə tükürpədici səyahətə çıxa biləcəklər.
“Megafun”nın balaca qonaqlarını isə ”Paris” zonasında yerləşən şən karusellər, müxtəlif oyunlar və xüsusi otaqlar, eləcə də 542 kvadratmetr sahəsi olan və təhlükəsiz rezin döşəmə ilə örtülmüş “Cunqli” zonasının cəngəllikləri gözləyir.
Hazırda “Megafun”nun rəhbərliyi Azərbaycanın digər bölgələrində, eləcə də qonşu dövlətlərdə onun filiallarının açılması üçün təşkilati işlər aparır.