CƏMİYYƏT
Paytaxtda gənclər üçün sağlamlıq forumlarına start verilib
Bakı, 5 may, AZƏRTAC
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) may ayında Bakının 7 rayonunda gənclər üçün sağlamlıq forumlarının keçirilməsini planlaşdırır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ilk foruma Nərimanov rayonunda yerləşən “Bakı Modern Məktəbi”ndə təşkil olunub. “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası üçün Səhiyyə Nazirliyinin Fəaliyyət Planına əsasən keçirilən forumda yeniyetmə və gənclər iştirak ediblər.
Tədbirdə əhalinin sağlamlığının qorunması mövzusunun daim diqqət və nəzarətdə saxlanıldığı, görülən hər bir işin, atılan hər bir addımın insanların sağlamlığına yönəldiyi vurğulanıb. Qeyd olunub ki, dünyada hər il 6 milyonadək insan tütünün zəhərli təsiri ilə yaranan xəstəliklər nəticəsində dünyasını dəyişir. XX əsrdə tütün epidemiyası dünyada 100 milyon insanın həyatına son qoyub. Tütün tüstüsündə insan orqanizmi üçün təhlükəli sayılan 4 minədək zərərli, o cümlədən xərçəng xəstəliyini yaradan kimyəvi maddə var. Hər bir insanın təmiz, tərkibində zərərli maddələr olmayan hava ilə nəfəs almaq hüququ var. Tütünçəkmə insanın sağlamlığına təhlükə yaratmaqla yanaşı, ona ciddi maddi zərər vurur. Cəmiyyətdə erkən nikah probleminə də toxunulub. Bildirilib ki, erkən yaşda anaların dünyaya gətirdiyi uşaqlar çox vaxt aşağı bədən çəkisi ilə doğulurlar. Erkən yaşda analardan doğulan uşaqlar arasında ölüdoğulma və körpə ölümü göstəriciləri 20-29 yaşda anaların dünyaya gətirdiyi uşaqlara nisbətən 50 faiz üstünlük təşkil edir.
Məişət zorakılığının mənfi təsirlərinə dair çıxış edən İSİM rəsmisi ailədə ən çox zorakılığa qadınlar və uşaqların məruz qaldığını nəzərə çatdırıb. Qeyd olunub ki, zorakılıq qanuna zidd hərəkətdir, zorakılıqla mübarizədəhər kəs öz hüquqlarını bilməlidir.
Tədbirdə interaktivlik əsasında qurulan təqdimatların sonunda mövzular üzrə videoçarxlar izlənilib. Əhalinin maarifləndirilməsi istiqamətində İSİM-in həyata keçirdiyi tədbirlərdən və çap olunan nəşrlərdən söz açılıb, maarifləndirmə materialları paylanılıb.
Növbəti sağlamlıq forumlarında da yeniyetmə və gənclərin maarifləndirilməsi üçün gənclər arasında zərərli vərdişlər, piylənmə, qeyri-sağlam qidalanma və fiziki passivlik, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, sağlam həyat tərzi və reproduktiv sağlamlığa dair məlumatlar veriləcək. Həmçinin erkən nikahların və məişət zorakılığının qarşısının alınması, dispanserizasiya barədə təqdimatlar olacaq.