CƏMİYYƏT
Paytaxtda saxta pul satmaq istəyən şəxslər saxlanılıb
Bakı, 13 iyul, AZƏRTAC
Daxili işlər orqanları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan məlumat əsasında keçirilən xüsusi əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri Allahverdi Ələkbərov və Rafiq Şahverdiyev paytaxtın Nəsimi rayonu ərazisində 8 min manat saxta əsginazı 3500 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar.
Saxlanılan şəxslərin Bakıda kirayə qaldıqları mənzilə baxış zamanı oradan da əlavə olaraq saxta pul əsginazları, onların hazırlanması üçün istifadə olunan xüsusi avadanlıq və digər maddi sübutlar aşkarlanaraq götürülüb.
Keçirilən xüsusi ekspertiza zamanı müəyyənləşdirilib ki, aşkar edilən saxta manatlar həqiqi əsginazlardan heç də çox fərqlənmir.
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.