İQTİSADİYYAT
Paytaxtda təmir olunmuş daha bir yol sürücülərin istifadəsinə verilib VİDEO
Bakı, 23 sentyabr, AZƏRTAC
Binəqədi rayonu, Atatürk prospektinin Səttar Bəhlulzadə küçəsinin kəsişməsindən Əcəmi Naxçıvani küçəsinin kəsişməsinədək hər iki istiqamət üzrə olan hissələrində, Şövkət Məmmədova küçəsinin Əcəmi Naxçıvani küçəsinin kəsişməsindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsində və Əcəmi Naxçıvani küçəsinin Ağasadıq Gəraybəyli küçəsinin kəsişməsindən Atatürk prospektinin kəsişməsinədək olan hissələrində təmir işləri qısa müddət ərzində yekunlaşdırılıb.
Bu barədə AZƏRTAC-a “Azəryolservis” ASC-nin mətbuat xidmətindən bildirilib.
Təmir-tikinti işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı ərazidən daşınıb. Yolun hərəkət hissəsi bəzi ərazilərdə genişləndirilib, ehtiyacı olan yerlərdə yol yatağı bərkidilib və ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə burada 12 min 500 kvadratmetr ərazidə asfaltlanma işləri aparılıb.
Təmir işləri çərçivəsində 1500 poqonmetr köhnə səki daşı yenisi ilə əvəzlənib, yol kənarlarına və piyada səkilərinə asfalt-beton örtüyü döşənərək abadlaşdırılıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən nəqliyyat sıxlığının aradan qaldırılıb, piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə kompleks tədbirlər həyata keçirilir və bu istiqamətdə işlər yüksək keyfiyyətlə davam etdirilir.