İQTİSADİYYAT
Paytaxtın Bəxtiyar Vahabzadə küçəsində aparılan əsaslı təmir-tikinti işləri yekunlaşmaq üzrədir VİDEO
Bakı, 29 may, AZƏRTAC
Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsində aparılan əsaslı təmir-tikinti işləri yekunlaşmaq üzrədir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bəxtiyar Vahabzadə küçəsinin İnşaatçılar prospekti ilə kəsişməsindən Hüseyn Cavid prospekti ilə kəsişməsinədək olan eni 10 metr, uzunluğu 300 metr olan hissəsində əsaslı və orta təmir işləri aparılıb. Bundan başqa küçə boyu 600 poqonmetr yeni səki daşı qoyulub.
Təmir-tikinti işləri aparılan ərazidə deformasiyaya uğramış yol yatağı qazılaraq çıxarılıb, yerində yeni yol yatağı salınıb. Ümumilikdə 3 min kvadratmetr sahəyə yeni asfalt-beton örtüyü döşənir. Yolda aparılan yeni asfalt-beton örtüyünün üst, aşınma qatının döşənməsi işləri də yekunlaşmaq üzrədir.
Sabahdan etibarən isə Bəxtiyar Vahabzadə küçəsinin İnşaatçılar prospekti ilə kəsişməsindən Hüseyn Cavid prospekti ilə kəsişməsinədək olan hissəsi tam olaraq sürücülərin istifadəsinə veriləcək.
Artıq bir müddətdir küçənin Hüseyn Cavid prospekti ilə kəsişməsindən Mətbuat prospekti ilə kəsişməsinədək olan 520 metrlik hissəsi əsaslı təmir olunaraq nəqliyyat vasitələrinin istifadəsinə verilib.