CƏMİYYƏT
Paytaxtın Binəqədi, Sabunçu və Nizami rayonlarında yanğından mühafizə bölmələrinin açılışı olub VİDEO
Bakı, 5 may, Məhərrəm Əlioğlu, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsində - mayın 5-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi, Sabunçu və Nizami Rayon Dövlət Yanğından Mühafizə hissələrinin 3, 22 və 20 nömrəli yanğından mühafizə bölmələrinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimlərində fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov iştirak ediblər.
Məlumat verilib ki, Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 nömrəli yanğından mühafizə bölməsi Mehdiabad və Binəqədi qəsəbələri, Balaxanı və Novxanı istiqamətlərindəki yaşayış məntəqələrinin və sənaye obyektlərinin mühafizəsi üçün nəzərdə tutulub. Sabunçu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 22 nömrəli yanğından mühafizə bölməsi Pirşağı, Kürdəxanı, Fatmayi qəsəbələrindəki yaşayış məntəqələrinin və sənaye obyektlərinin mühafizəsi üçün nəzərdə tutulub. Nizami rayonundakı 20 nömrəli yanğından mühafizə bölməsi isə Nizami, Xətai və Sabunçu rayonlarının müəyyən hissələrində yaşayış məntəqələrinin və sənaye obyektlərinin mühafizəsini həyata keçirəcək.
Qeyd olunub ki, bölmələrin ərazisində yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, su anbarı, avtoyuma inşa edilib. İnzibati binalarda dispetçer, tədris, qəbul və istirahət otaqları, yeməkxana var. Bölmələr ən müasir yanğınsöndürmə avtomobilləri ilə təmin olunub. Üç çıxışlı, 38 nəfərlik şəxsi heyətləri olan bölmələr ən yüksək standartlara cavab verən müasir avadanlıqla təchiz olunub. Bölmələrdə şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb.