İQTİSADİYYAT
Paytaxtın N.Nərimanov prospektində hərəkət məhdudlaşdırılacaq
Bakı, 13 yanvar, AZƏRTAC
Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Nəriman Nərimanov prospekti yenidən qurulur.
Yenidənqurma işlərini həyata keçirən “Azəravtoyol” ASC–nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə sözügedən prospekt ilə avtonəqliyyat vasitələrinin hərəkəti yanvarın 16-dan etibarən məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması yenidənqurma işləri bitənədək qüvvədə olacaq.
Qeyd olunub ki, aparılan yenidənqurma işləri ilə bağlı Nərimanov prospektinin 2165 metr uzunluğunda olan hissəsində də tam müasir yol infrastrukturu yaradılacaq. Prospektin hərəkət hissəsinin hazırkı eni 7 metr təşkil edir. Layihəyə əsasən 2–5 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 7–17,5 metrə çatdırılacaq.
Hər iki istiqamət üzrə 2–3 metr enində səkilər də nəzərə alınmaqla yolun ümumi eni 11–23,5 metr təşkil edəcək.