İQTİSADİYYAT
Paytaxtın Nizami rayonu ərazisindəki Qara Qarayev prospektinin bir hissəsi bağlanır
Bakı, 29 iyun, AZƏRTAC
Nizami rayonu Qara Qarayev prospektində aparılan təmir işləri ilə əlaqədar iyunun 30-dan iyulun 1-nə keçən gecə prospektin bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik tam olaraq məhdudlaşdırılır. Məhdudlaşdırma Qara Qarayev prospektinin Şirin Mirzəyev küçəsindən Rüstəm Rüstəmov küçəsi istiqaməti üzrə (Dakar meydanınadək) olan hissəsində tətbiq olunacaq.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Digər hərəkət istiqaməti üzrə - R.Rüstəmov küçəsindən metronun Qara Qarayev stansiyası yerləşən əraziyə doğru hərəkətdə hər hansı bir məhdudlaşdırma tətbiq olunmur.
Sürücülərdən təmir işləri aparılan müddət ərzində alternativ olaraq Mikayıl Əliyev, Mehdi Abbasov, Rüstəm Rüstəmov və digər küçələrdən istifadə etmələri tövsiyə olunur.