İQTİSADİYYAT
Paytaxtın Nobel prospekti istiqamətində yeni metro xəttinin inşasına başlanılmışdır VİDEO
Bakı, 8 yanvar (AZƏRTAC). Bakı Metropoliteni “28 May” stansiyasındakı xətlərin kəsişməsini aradan qaldırmaq niyyətindədir.
Metropolitendən AZƏRTAC-a bildirmişlər ki, xətlər ayrılacağı təqdirdə “Xətai” stansiyasından sonrakı inşaat mərhələsi tamamlanacaqdır. Bakı Metropoliteninin inkişafına dair beşillik dövlət proqramına əsasən, “Həzi Aslanov-2” stansiyasından Köhnə və Yeni Günəşli yaşayış sahələrinə metro xətti çəkiləcəkdir və hazırda adıçəkilən birinci stansiya ilə yanaşı, tunellərin qazılması da davam etdirilir.
Mövcud şəraitdə burada məkik hərəkət təşkil edilməlidir. Amma bu problemin aradan qaldırılması üçün “Həzi Aslanov-2”-dən “Xətai”yə qədər olan sahənin və daha 3 stansiyanın inşası vacibdir.
Hazırda Bakının Nobel prospekti istiqamətində inşaat işlərinə başlanılmışdır və bu il qazma maşınları hərəkətə gətiriləcəkdir. İnşaat hər iki istiqamətdə aparılacaqdır. Bunun ardınca Nobel prospektindəki “Luna Park”ın yaxınlığında, həmçinin Bakı avtomobil zavodunun ərazisindəki stansiyaların da inşasına başlanılacaqdır.
Bununla da sərnişinlərin “28 May”-“Cəfər Cabbarlı” və “Həzi Aslanov”-“Həzi Aslanov-2” keçid stansiyalarına yönləndirilməsi ilə mövcud sərnişindaşıma problemləri aradan qalxacaqdır. Bu, həmçinin paytaxtın əhalisi sıx olan Köhnə və Yeni Günəşli, Təzə və Köhnə Əhmədli, Zığ, Hövsan, Qaraçuxur kimi yaşayış sahələrinin əhalisinin də şəhərə axınının tam fərqli qurulmasını təmin edəcəkdir.