İQTİSADİYYAT
Paytaxtın Yusif Səfərov küçəsində yenidənqurma işləri yekunlaşır VİDEO
Bakı, 25 fevral, AZƏRTAC
Paytaxtın Yusif Səfərov küçəsində 28 May küçəsi ilə kəsişməsindən Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Yenidənqurma işləri çərçivəsində küçənin sözügedən hissəsində yolayrıcında söküntü işləri aparılıb. Həmin hissədə yol hər iki istiqamət üzrə 3 hərəkət zolağından 6 hərəkət zolağına qədər genişləndirilib.
Bundan başqa, Üzeyir Hacıbəyli küçəsi ilə kəsişmədə mövcud olan geridönmə hissə ləğv edilib. Bunun əvəzinə 28 May küçəsi ilə kəsişməyə yaxın ərazidə yeni geridönmə hissə yaradılıb.
Yenidənqurma işlərinin aparıldığı ərazi asfaltlanıb, zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Hazırda yeni yolayrıcına səki daşları düzülür, ərazidə son tamamlanma işləri aparılır.
Genişləndirmə işləri sözügedən ərazidə xüsusən günün pik saatlarında müşahidə olunan sıxlığın xeyli dərəcədə azalmasına gətirib çıxaracaq.
Yolun genişləndirilməsinin küçə boyu davam etdirilməsi nəzərdə tutulub. Belə ki, mövcud yolayrıcının eninin azaldılması ilə hər bir istiqamət üzrə daha 1 hərəkət zolağı yaradılacaq. Bununla da, küçənin Heydər Əliyev prospektinə qədər olan hissəsi 5 hərəkət zolağından 6, bəzi hissələrdə 7 hərəkət zolağına qədər genişləndiriləcək.
Həmçinin Yusif Səfərov küçəsində aparılan yenidənqurma işləri çərçivəsində piyadaların da rahat və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi istiqamətində addımlar atılacaq. Belə ki, sözügedən küçənin Kamandar Əhmədov küçəsi ilə kəsişməsinin yaxınlığında vətəndaşların avtomobil yolunu daha təhlükəsiz şəkildə keçməsi üçün piyada keçidinin də inşası planlaşdırılır.
Yenidənqurma işləri qısa müddət ərzində və ümumi hərəkətə maksimum dərəcədə mane olmamaq şərti ilə aparılacaq.