İQTİSADİYYAT
Paytaxtın Ziya Bünyadov prospektində yenidənqurma işləri yaxın aylarda başa çatdırılacaqdır VİDEO
Bakı, 22 fevral (AZƏRTAC, Ceyhun Rüstəmov). Paytaxtın Ziya Bünyadov prospektində yenidənqurma işləri yaxın aylarda başa çatdırılacaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov demişdir.
2014-2015-ci illərdə görüləcək işlərdən danışan C.Qurbanov demişdir ki, gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarında nəqliyyatın işinin səmərəli təşkili ilə əlaqədar yol işçilərinin qarşısında böyük vəzifələr durur. Bu vəzifələr sırasında Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun “Koroğlu” stansiyası və Olimpiya Stadionu istiqamətində yolun və tunellərin inşası, “Şəfa” stadionunadək olan məsafədə layihəyə düşən evlərin sökülməsi və 6 zolaqlı yolun tikintisinin başa çatdırılması, Biləcəridəki Stend Atıcılığı İdman Kompleksinə yolun çəkilməsi əsas məsələlərdəndir. Eyni zamanda, paytaxtın şimal girişində 6 zolaqlı yolun 4 zolaqlıya keçməsi bu yolda avtomobil sıxlığına səbəb olduğundan ərazidəki körpünün genişləndirilməsi yekunlaşdırılacaq, Xocasən yolu yenidən qurulacaq, Ləzədən Şahdağ qış-yay turizm kompleksinə gedən yolda tunelin tikintisi başa çatdırılacaq, Şəki-Qax yolu, “Bakı dairəvi-2” istifadəyə veriləcəkdir.
ASC sədri qeyd etmişdir ki, Yevlax-Hacıqabul arasındakı 2 zolaqlı yolun bu il 4 zolaqlıya keçirilməsi planlaşdırılır. Eyni zamanda, Ağsu-Kürdəmir, Kürdəmir-İmişli avtomobil yollarının yenidən qurulmasının başa çatdırılması, Ucar-Göyçay avtomobil yolunun yekunlaşdırılması, Şamaxıdan Yevlaxadək olan yolun bir hissəsinin tikintisinin başa çatdırılması, Bakı-Şamaxı magistralının 4 zolaqlıya çevrilməsi də planlar arasındadır. Bu il Bakı-Şamaxı yolunun təxminən 50-60 kilometrinin təhvil verilməsi də nəzərdə tutulur.
C.Qurbanov, həmçinin bildirmişdir ki, İran sərhədinədək olan avtomobil yollarında bataqlığın çoxluğu səbəbindən orada böyük torpaq-qazıntı işləri görülür. Elə yerlər vardır ki, bataqlıqlar 20 metrədək qazılaraq torpaqla bərkidilir. Həm də ikinci magistral yol layihəsi ilə bağlı maliyyənin açılması ləngimişdir. Artıq Dünya Bankı və Asiya İnkişaf Bankı ilə bütün müqavilələr imzalanmışdır. Hazırda işlər öz axarına düşür. Bu yaxınlarda qalan 35 kilometrlik yolun inşası ilə bağlı tender elan olunacaqdır.
Bakı-Tbilisi-Qars dəmir yolunun inşasından da danışan ASC sədri demişdir ki, 184 kilometrlik Bakı-Tbilisi-Qars dəmir yolunun 100 kilometri hazırdır. Əsas çətinlik Gürcüstan-Türkiyə sərhədində 4,2 kilometrlik tunelin tikintisindədir. Bunun 2,2 kilometri Gürcüstan, 2 kilometri isə Türkiyə ərazisinə düşür. Artıq tunelin Türkiyə hissəsində işlər yekunlaşmışdır, digər ərazilərdə isə davam edir. Nəzərdə tutulur ki, bu ilin sonunadək dəmir yoluna sınaq teplovozu buraxılsın. Yolun tikintisinin tam başa çatdırılması isə bizdən asılı olmayan səbəblər üzündən 2015-ci ilin ortalarınadək yekunlaşacaqdır.