İQTİSADİYYAT


Paytaxtın "Şamaxinka" ərazisində "tıxac"ın aradan qaldırılması üçün yol genişləndirilir VİDEO

Bakı, 25 yanvar, AZƏRTAC

Bakı şəhərində avtonəqliyyat vasitələrinin sıxlığını azaltmaq məqsədilə “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Moskva prospektinin köməkçi yolunda, Bakı-Sumqayıt yolundan “Şamaxinka” deyilən əraziyə girişdə avtonəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edilir, yolun genişləndirilməsi işləri görülür.

“Azəravtoyol”un mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, avtomobil sıxlığının, o cümlədən hər iki istiqamətdən daxil olan avtonəqliyyat vasitələrinin hərəkətinə mane olmasının qarşısını almaq məqsədilə prospektin köməkçi yolundakı sağ kənar zolaq sırf “Bakı Dairəvi-1” yolundan gələn avtomobillər üçün ayrılıb. Sağ kənar zolağı digər iki zolaqdan ayırmaq üçün yola dəmir-beton maneələr düzülüb.

Maneələr tunelin üzərində yerləşən birinci geri dönməyə qədər düzülüb. Bununla da, dairəvi yoldan gələn avtonəqliyyat vasitələri məcburi şəkildə ancaq tunelin üzərindəki ikinci geridönmə hissədən istifadə edərək, geriyə hərəkət edə biləcəklər. Eyni zamanda, düzünə, “20 Yanvar” dairəsinə doğru da maneəsiz şəkildə hərəkət təmin olunacaq. Nəticədə Sumqayıt şəhəri istiqamətindən gələn avtonəqliyyat vasitələri ilə dairəvi yoldan çıxan avtomobillərin həmin ərazidə kəsişməsi aradan qaldırılaraq “tıxac” müəyyən qədər azaldılmış olacaq.

“Şamaxinka” ərazisində edilən daha bir dəyişiklik yolun genişləndirilməsi ilə bağlıdır. Belə ki, yol sağa doğru 3-4 metr enində genişləndirilib. Genişləndirilmə 550 metrlik ərazini əhatə edir və görülən işlər nəticəsində yolda əlavə daha 1 hərəkət zolağı yaranıb. Bu da öz növbəsində sözügedən ərazidə sıxlığın qarşısını almaq üçün müsbət addım hesab olunur.

Genişləndirmə işləri ilkin mərhələdə Moskva prospektinin “Bakı Dairəvi-1” avtomobil yolu ilə kəsişməsindən ikinci geri dönmə hissəsinədək (tunelin sonunadək) aparılır. Sözügedən işlər çərçivəsində 2-ci Alatava küçəsi ilə kəsişmədə yerləşən avtobus dayanacağının da yeri 4-5 metr genişləndirilərək xüsusi cibli hissə yaradılır. Bununla da, avtobuslar ümumi hərəkətə maneə yaratmadan dayanacağa girib-çıxa biləcəklər. Bu da öz növbəsində həmin ərazidə sıxlığın azalmasına gətirib çıxaracaq.

Ərazidə tıxacların aradan qaldırılması üçün ediləcək daha bir yenilik yaxın zamanlarda yerüstü piyada keçidinin tikintisidir. Piyada keçidinin tikintisi ilə həm avtonəqliyyat vasitələrinin normal və maneəsiz hərəkəti, həm də vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsi mümkün olacaq.

Qeyd olunub ki, işlərin yaxın günlərdə və hərəkətə maksimum dərəcədə maneə yaratmadan aparılaraq yekunlaşdırılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.