İQTİSADİYYAT
Paytaxtın mərkəzində yeni yol tikilir
Bakı, 15 fevral, AZƏRTAC
Paytaxtda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etməklə sıxlığın aradan qaldırılması istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində şəhərin mərkəzi hissəsində yeni yol inşa olunur.
Tikinti işlərini həyata keçirən “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 1,1 kilometr olan yol Yusif Səfərov küçəsinə paralel salınır. Sözügedən yolun inşası xüsusən günün pik saatlarında Yusif Səfərov küçəsində yaranan sıxlığın aradan qaldırılmasına hesablanıb.
Sözügedən yol hazır olduqdan sonra, avtonəqliyyat vasitələri birbaşa Yusif Səfərov küçəsinə daxil olmadan Heydər Əliyev prospektindən Kövkəb Səfərəliyeva küçəsinə, oradan da Dilarə Əliyeva küçəsi ilə şəhərin mərkəzinə doğru hərəkət edə biləcəklər. Bu isə öz növbəsində Yusif Səfərov küçəsindəki hərəkət intensivliyini xeyli azaltmış olacaq.
Layihəyə uyğun olaraq, hazırda yol boyu maneələrin sökülməsi, kommunikasiya xətlərinin köçürülməsi, buna paralel olaraq yararsız qruntun qazılaraq çıxarılması və karbonat materialı tökülərək yenidən kipləşdirilməsi, bununla da yeni yol yatağının inşası işləri həyata keçirilir.
Yolun ümumi eni 12 metr olmaqla 2 hərəkət zolaqlıdır. Bura həmçinin 9 metr enində hərəkət hissəsi və yol boyu piyadaların təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə hər iki istiqamət üzrə 1,5 metr enində səkilər daxildir.
Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.