ELM VƏ TƏHSİL


Pedaqoji Kollecin tələbələri dini radikalizmlə bağlı məlumatlandırılıblar

Bakı, 9 iyun, AZƏRTAC 

Azərbaycan Dövlət Pedaqoji Kollecində “Dini radikalizm və ekstremizmin yaranma səbəbləri, təzahür formaları və ona qarşı mübarizənin hüquqi əsasları” mövzusunda maarifləndirici seminar-müşavirə keçirilib. Bu barədə AZƏRTAC-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, tədbirdə əvvəlcə dini radikalizm və bu cərəyanın qurbanlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunub. Sonra kollecin direktoru Qulu Novruzov çıxış edərək bu cür tədbirlərin keçirilməsinin, xüsusilə DQİDK-nın sifarişi ilə hazırlanan “Fitnə” filminin maarifləndirmə sahəsində əhəmiyyətini vurğulayıb. Q.Novruzov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib, tələbələrə radikal dini təsirlərə düşməmək və zərərli dini cərəyanlara qoşulmamaq üçün daha diqqətli olmağı tövsiyə edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov çıxışında dini radikalizmin yaranma səbəbləri və onun fəsadlarından bəhs edib. Komitə sədrinin müavini Yaxın Şərqdə gedən proseslərə nəzər salaraq dünyada aparıcı güclərin geosiyasi maraqları naminə din amilindən istifadə etdiklərini də diqqətə çatdırıb. Vurğulayıb ki, bəzi qüvvələr sülh dini olan İslamı siyasiləşdirərək qarşıdurma yaratmaqla onu gözdən salmağa yönələn siyasət həyata keçirirlər. Onun sözlərinə görə, bəzi dairələr tərəfindən radikalyönümlü dini cərəyanların Azərbaycanda yayılmasına cəhdlər edilir. Lakin ölkəmizin müvafiq qurumları tərəfindən bu cür cəhdlərin qarşısı qətiyyətlə alınır. S.Heydərov bu baxımdan gələcəyin müəllimləri olan tələbələrin radikalizmə qarşı mübarizədə fəallıq göstərmələrinin vacibliyini diqqətə çatdırıb və onları daha məsuliyyətli olmağa çağırıb. Vurğulanıb ki, gənclər yad ideyalardan qorunmaq üçün müvafiq icazəsi olmayan ədəbiyyatlardan və saxta dini təqvimlərdən istifadə etməməlidirlər.

Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlikdən və dövlət-din münasibətlərindən də danışılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.