QAN YADDAŞI
Pedaqoji Universitetdə Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma mərasimi
Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma mərasimi keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə soyqırımı qurbanlarının, eləcə də bütün şəhidlərmizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə universitetin prorektoru, professor Rafiq Baxşəliyev bildirib ki, ermənilərin himayədarlarının köməyi ilə xalqımıza qarşı 1918-ci il martın 31-də törətdikləri soyqırımından 97 il keçir. Mart qırğınları xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli səhifələrindən biridir. Erməni daşnakları üç gün ərzində təkcə Bakıda 12 min azərbaycanlının həyatına son qoyub, qocaları, qadınları və uşaqları amansızcasına qətlə yetirib, qiymətli tarixi abidələri məhv ediblər. Qubada, Xaçmazda, Şamaxıda, Lənkəranda, Kürdəmirdə və digər bölgələrdə də bu cür faciələr törədilib. 1918-1920-ci illərdə Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağda azərbaycanlıların yaşadığı 150-dək kənd xarabazara çevrilib, 50 mindən çox soydaşımız qətlə yetirilib.
Daha sonra universitetin professoru Mübariz Əmirovun “31 Mart-Azərbaycanlıların Soyqırımı Günü” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Ermənilərin 1918-ci ilin martında xalqımıza qarşı törətdikləri soyqırımına dolğun və hərtərəfli siyasi-hüquqi qiymət də yalnız Ulu Öndərin təşəbbüsü ilə verilib.
ADPU-nun ümumi tarix kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Vəli Əliyev, türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müəllimi Taleh Cəfərov çıxış edərək konkret elmi-tarixi faktlar əsasında ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri cinayətləri, soyqırımlarını həddi bilinməyən vəhşilik kimi səciyyələndirib, tələbə gənclərə vətənpərvər, həmişə ayıq-sayıq olmağı, düşmənlə bütün istiqamətlərdə layiqincə mübarizə aparmağı tövsiyə ediblər.