ELM VƏ TƏHSİL
Pedaqoji Universitetdə özünütəhlil hesabatı üzrə qiymətləndirmə qrupu fəaliyyətə başlayacaq
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Twinning” layihəsi çərçivəsində özünütəhlil hesabatı barədə növbəti seminar keçirilib.
ADPU-dan AZƏRTAC-a bildiriblər ki, seminarda ekspertlər layihə çərçivəsində universitetdə aparacaqları növbəti işin planını təqdim ediblər. Plana əsasən, aprelin 11-13-də özünütəhlil hesabatı üzrə qiymətləndirmə qrupu fəaliyyətə başlayacaq. Keyfiyyətin təminatına dəstək verən özünütəhlil hesabatı üzrə qiymətləndirmə qrupuna yerli və xarici ekspertlər daxil olmaqla, səkkiz nəfər daxil edilib. Qrup bu müddətdə universitetdə bütün struktur vahidləri arasında müsahibələr aparacaq və rəy hazırlayacaq.
Seminarda işin təşkilinin etik davranış kodeksinə əsasən tərtib ediləcəyi bildirilib. Qiymətləndirmə qrupu üzrə layihənin universitet daxilində əlaqədar şəxs tərəfindən təşkili tövsiyə olunub, müzakirələr aparılıb, perspektivlər müəyyənləşdirilib
ADPU-nun rektoru, professor Cəfər Cəfərov layihənin universitetdə tədris prosesinə səmərəli təsir edəcəyini söyləyib, habelə layihənin həyata keçirilməsində göstərdikləri dəstəyə görə Təhsil Nazirliyinə və ekspertlərə minnətdarlığını bildirib.