İQTİSADİYYAT
Pekində Asiya İnfrastruktur İnvestisiyaları Bankının qərargah binasının tikintisinə başlanılıb
Bakı, 24 sentyabr, AZƏRTAC
Pekində Asiya İnfrastruktur İnvestisiyaları Bankının (AİİB) qərargah binasının təməlqoyma mərasimi keçirilib. Bankın təsisçi üzvlərindən biri də Azərbaycandır.
AZƏRTAC Sinxua Agentliyinə istinadla xəbər verir ki, AİİB-in qərargah binası Çin paytaxtının şimalında Olimpiya parkı ilə “Quş yuvası” stadionu arasında yerləşəcək. Tikintinin 2019-cu ilin sonuna başa çatdırılması planlaşdırılır.
Təməlqoyma mərasimində iştirak edən AİİB-in prezidenti Tszin Litsyun qeyd edib ki, bankın missiyası “səmərəli olmaq, korrupsiyadan uzaq olmaq və ekoloji maraqlara yönəlmək”dir. Pekində Olimpiya meşə parkından başqa bu konsepsiyaya cavab verən və qərargah binası üçün münasib yer yoxdur.
Tszin Litsyun AİİB-in qərargahının şəhərin yaraşıqlı binalarından biri olacağına və bankın çoxillik inkişafının möhkəm əsasını qoyacağına ümidvar olduğunu bildirib.
AİİB qeyri-kommersiya bankı Çin hökumətinin təşəbbüsü ilə yaradılıb. Onun nizamnamə kapitalı 100 milyard ABŞ dollarıdır. Bank Asiyada infrastruktur tikintisinə maliyyə dəstəyi göstərməyə hazırdır.
AİİB 509 milyon dollar məbləğində ilk krediti bu ilin iyun ayında ayırıb. Vəsait Banqladeş, İndoneziya, Pakistan və Tacikistanda enerji, yaşayış və nəqliyyat obyektlərinin tikintisinə yönəldilib.