İQTİSADİYYAT
Pekində “Azərbaycan Hava Yolları” QSC-yə və ölkəmizin turizm imkanları ilə bağlı seminar-təqdimat olmuşdur VİDEO
Pekin, 4 mart (AZƏRTAC). Çin Xalq Respublikasının paytaxtı Pekində “Azərbaycan hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə və ölkəmizin turizm imkanlarına həsr olunmuş seminar-təqdimat keçirilmişdir.
Çinin müvafiq dövlət qurumlarının, Pekindəki diplomatik korpusun, aviasiya xidmətləri və turizm şirkətlərinin təmsilçilərinin qatıldıqları tədbirdə “Azərbaycan Hava Yolları” QSC-nin sərnişin daşınması üzrə hələlik ən uzaq təyinat məntəqəsi olan Pekinə mütəmadi uçuşlara başlamasının və ötən günlərdə uçuşların sayını həftədə 3 dəfəyə qaldırmasının iki ölkə arasında sərnişin daşınmasına və turizm mübadiləsinə müsbət təsiri vurğulanmışdır.
“Azərbaycan Hava Yolları” QSC-nin Pekin nümayəndəliyinin təşkil etdiyi seminarda Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov ölkələrimiz arasında münasibətlərin mövcud vəziyyətindən danışmış, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğunu diqqətə çatdırmışdır.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Cavid Abdullayev ölkəmizin turizm imkanlarına, “Azərbaycan Hava Yolları” QSC-nin icraçı direktorunun müavini Cəmil Mənizadə isə milli aviasiya şirkətimizə aid təqdimatlar etmişlər.
Bildirilmişdir ki, çinli sərnişinlər “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Pekin-Bakı reysindən istifadə etməklə Azərbaycana, habelə paytaxtımızdan tranzit uçuşlarla Avropanın və Asiyanın müxtəlif şəhərlərinə rahat və sərfəli səfər edə bilərlər.
Qeyd edək ki, ötən ilin avqustunda Bakı-Pekin-Bakı istiqamətində birbaşa uçuşlara başlayan “Azərbaycan Hava Yolları-AZAL” QSC fevralın 16-dan etibarən bu istiqamətdə uçuşların sayını artıraraq həftədə 3 dəfə etmişdir. Uçuşlar həftənin çərşənbə axşamı, cümə və bazar günləri Bakıdan, çərşənbə axşamı, cümə axşamı və bazar günləri Pekindən reallaşır. Bu istiqamətdə uçuşlar Airbus A340-500 tipli müasir və komfortlu təyyarə ilə həyata keçirilir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin