SİYASƏT
Pekində Azərbaycanın multikulturalizm dəyərlərinə dair mühazirələr oxunub VİDEO
Pekin, 21 may, AZƏRTAC
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Multikulturalizm ili” elan olunan cari ildə Azərbaycanın multikulturalizm dəyərlərinin xaricdə təbliği işi davam etdirilir. Bu istiqamətdə növbəti addım kimi Çinin nüfuzlu Renmin və Pekin Xarici Dillər universitetlərində mühazirələr təşkil olunub.
Azərbaycanın Pekindəki səfirliyinin dəstəyi ilə təşkil olunan mühazirələrin məqsədi qədim sivilizasiya məkanlarından olan Çində Azərbaycanın multikulturalizm mühiti, bu istiqamətdə dövlət siyasəti barədə məlumatlandırma aparmaq, iki ölkənin müvafiq sahədə əməkdaşlıq imkanlarına nəzər salmaq olub.
Azərbaycanda multikultural dəyərlərin qədim tarixi köklərə malik olduğunu söyləyən Bakı Slavyan Universitetinin multikulturalizm kafedrasının müdiri Ülviyyə Abbasova deyib ki, multikulturalizm ölkəmizdə hazırda alternativi olmayan həyat tərzidir. Müxtəlif dinlərə mənsub insanların dinc şəraitdə birgə yaşamaları, etnik və mədəni müxtəliflik multikulturalizmin Azərbaycan modelinin üstün cəhətləridir. Bu gün ölkəmizdə müxtəlif xalqların nümayəndələri öz ana dillərində danışır, öz dini inanclarına uyğun ibadət edir, milli adət-ənənələrini yaşadır.
Qeyd olunub ki, Azərbaycanda multikulturalizm üzrə dövlət siyasətinin əsasını ulu öndər Heydər Əliyev qoyub. Hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət nəticəsində Azərbaycan dünyada tolerant bir ölkə kimi tanınır. Ötən ay BMT-nin Sivilizasiyalar Alyansının VII Forumunun məhz Azərbaycanda keçirilməsi də bunun bariz nümunəsidir.
Mühazirələr zamanı Azərbaycandakı multikulturalizm dəyərlərinin dünyanın 13 müxtəlif universitetində bir fənn kimi tədris olunduğu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda xarici tələbələr üçün yay və qış məktəblərinin təşkil olunduğu diqqətə çatdırılıb. Bu layihələrdə çinli tələbələrin də fəal iştirakının iki ölkə arasında humanitar sahədə əməkdaşlığa töhfə verəcəyinə əminlik ifadə olunub.
Sonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ideya müəllifliyi ilə hazırlanan və Azərbaycandakı tolerantlıq mühitindən bəhs edən film nümayiş olunub, müəllim və tələbələrin sualları cavablandırılıb.
Mühazirələrlə yanaşı, hər iki universitetin rəhbər şəxsləri ilə keçirilmiş görüşlərdə ölkələrimizin təhsil və mədəni sahədə əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı mühazirələrin, müəllim və tələbə mübadiləsinin təşkilinin faydalı olacağı vurğulanıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin