CƏMİYYƏT


Pekində İpək Yolu İqtisadi Kəmərinin gənclər sammiti keçirilib

Pekin, 23 may, AZƏRTAC

Çinin paytaxtı Pekində Çinin “Bir kəmər-bir yol” strategiyasının tərkib hissəsi olan İpək Yolu İqtisadi Kəmərinin gənclər sammiti keçirilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin də təşkilatçısı olduğu sammitdə tarixi İpək yolu üzərində yerləşən ölkələrin gəncləri arasında yeni əməkdaşlıq məsələləri müzakirə edilib. Bildirilib ki, tədbirin keçirilməsinin məqsədi İpək Yolu İqtisadi Kəmərinin əhatə etdiyi ölkələrin istedadlı gəncləri arasında əməkdaşlıq platformasının təmin etmək, xalqlar arasında dialoq vasitəsi ilə dostluq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verməkdir. Qeyd olunub ki, İpək yolunun bərpası sahəsində birgə uğurlu əməkdaşlıq Avrasiya ölkələri arasında sülhün, iqtisadi əlaqələrin, mədəniyyətlərarası dialoqun güclənməsinə xidmət edəcək.

Pekin Xarici Dillər Universitetində keçirilən sammitin açılış mərasimində çıxış edən ölkəmizin Pekindəki səfirliyinin əməkdaşı Marlen Qaçayev Azərbaycanın tarixi İpək yolu üzərində yerləşən vacib ölkələrdən biri kimi, müasir dövrdə də bu istiqamətdə əməkdaşlığa hər cür dəstək verdiyini deyib. Bildirib ki, Azərbaycan əlverişli coğrafi mövqeyi, iqtisadi potensialı, nəqliyyat-logistika imkanları ilə Çinin “Bir kəmər-bir yol” strategiyasının reallaşmasında vacib rol oynayan ölkələrdən biridir. Bu il inşası başa çatacaq və Asiya ilə Avropa arasında ən qısa dəmir yolu əlaqəsini təmin edəcək Bakı-Tbilisi-Qars xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yüklərin Çindən Avropaya, Yaxın Şərq ölkələrinə, Türkiyəyə daha tez çatdırılmasını təmin edə biləcək.

Sammitin bölmə iclaslarında çıxış edən Azərbaycan təmsilçiləri ölkəmizin tranzit imkanları, o cümlədən Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun təqdimatını ediblər.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.