İQTİSADİYYAT
Pekində “Transxəzər - Şərq-Qərb ticarət və tranzit dəhlizi” forumu keçiriləcək
Pekin, 27 fevral, AZƏRTAC
Fevralın 28-də Pekində Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin təşəbbüsü ilə “Transxəzər - Şərq-Qərb ticarət və tranzit dəhlizi” forumu keçiriləcək.
Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Gürcüstanın Pekindəki səfirliklərinin təşkilatçılığı və ev sahibi Çin hökumətinin dəstəyilə keçiriləcək tədbirdə Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında Transxəzər nəqliyyat dəhlizinin, o cümlədən Azərbaycanın nəqliyyat-tranzit imkanları təqdim ediləcək, habelə Çin ilə Transxəzər nəqliyyat dəhlizində yerləşən ölkələr arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq perspektivləri müzakirə ediləcək.
Forum zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri Transxəzər nəqliyyat dəhlizinin perspektivləri, regional tranzit və logistika infrastrukturu, gömrük və sərhəd-keçid proseduru, neft və qaz sənayesində yeni tendensiyalar mövzularında təqdimatlar edəcəklər. Bundan başqa, forumda təşkilatçısı olan digər ölkələrin, habelə Çinin nümayəndələri də təqdimatlarla çıxış edəcəklər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin