DÜNYA
Pekində hava çirklənməsinin “sarı” təhlükə səviyyəsi elan olunub
Bakı, 16 yanvar, AZƏRTAC
Pekin hökuməti şəhəri bürümüş tüstü dumanı səbəbindən yanvarın 16-dan 18-dək hava çirklənməsinin “sarı” təhlükə səviyyəsini elan edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda Pekində sağlamlıq üçün təhlükəli xırda sərt hissəciklərin konsentrasiyası bir kubmetrə 150 mikroqram təşkil edir. Dünya Səhiyyə Təşkilatının standartına görə isə havada sərt hissəciklərin təhlükəsiz normasi bir kubmetrə 25 mikroqramdan artıq olmamalıdır.
Xəbərdarlıq səviyyəsinin davam etdiyi müddətdə bəzi tikintilər dayandırılıb, bir çox müəssisədə iş saatı azaldılıb. Pekinin meteorologiya idarəsi yanvarın 19-dan etibarən şəhərə soyuq hava cərəyanının daxil olması ilə zərərli maddələrin konsentrasiyasının azalacağını bildirib.